30 Oktyabr

Maşınlar niyə yanır? - EKSPERT RƏYİ

Azərbaycanda avtomobillərlə bağlı baş verən sığorta hadisələrindən biri onların alışaraq yanmasıdır. Sığorta mütəxəssisləri bunu müxtəlif amillərlə izah edir:

“Avtomobilin yanma halı yayda daha çox olur”

“AXA MBASK” şirkətinin marketinq departamentinin müdir müavini Rəşid Rəsulov fins.az-a bu il avtomobillərin yanma faktı ilə bağlı 3 sığorta hadisəsinin baş verdiyini bildirib: “Bakıda “Mersedes” markalı avtomobilin yanması ilə bağlı 4412 manat sığorta ödənişi olunub. Gəncədə yanan “AZSAMAND RUNNA”ya dəyən zərər azadolma məbləğindən az olduğuna görə ödəniş verilməyib. Şabranda yanan eyni model avtomobillə bağlı isə sənədlər hələlik təqdim edilməyib.Avtomobilə dəyən ziyan təqribən 7500 manatdır”. O bildirib ki, adətən avtomobillərin yanmağının səbəbi qısa qapanma olur: “Yayda avtomobillərin yanma halları çox olur. Səbəb həm havanın istiliyi, həm də mühərriyin qızmasıdır”.

“Yanğına kustar üsulla quraşdırılan maqintafon və kandisionerler səbəb olur”

“Alfa sığorta” şirkətinin iddiaların tənzimlənməsi şöbəsinin direktoru Feyruz Novruzov fins.az-a bildirib ki, 2 il ərzində yanma hali ilə bağlı bir hadisə olub. Qobu kənddi ərazisində “Shacman” yük maşını yanıb. Araşdırmadan sonra yanğının sığorta hadisəsi olmadığı dəqiqləşdiyinə görə ödəniş edilməyib. O qeyd edib ki, adətən yanğın avtomobilin isitmə və soyutma sistemləri bağlı olur: “Maqintafon, isitmə və soyutma sistemlərinin, avtomobilə digər əlavələrin təcrübəsiz ustalar tərəfindən kustar üsulla quraşdırılması zamanı naqillərdə boşluq yaranır. Daha sonra baş verən qısaqapanma yanğınla nəticələnir”. Feyruz Novruzov hesab edir ki, uzun illər istismar olunmuş sovet istehsalı olan və kefiyyətsiz Çin maşınlarında yanğın hadisələri daha çox olur.

“Köhnə alman maşınları baxımsızlıqdan yanırlar”

“Atasığorta” şirkətinin texniki ekspertiza şöbəsinin müdiri Əmrulla Kərimov 6 ay ərzində avtomobilin yanmas ilə bağlı sığorta hadisəsi olmadığını bildirib. Ötən il aprelin 28-də Sumqayıtda qısaqapanma nəticəsində bir maşının şit hissəsi yanıb.“Chevrolet Cruz” avtomobilinə 7139 manat ziyan dəyib. Əmrulla Kərimovun sözlərinə görə, yanğının naqil sistemində qısaqapanmadan baş vermə ehtimalı çox olur: “Naqillərin düzgün quraşdırılmaması maşının yanmasına səbəb ola bilər. Əsasən köhnə alman avtomobillərində baxımsızlıq nəticəsində yanğın baş verir”

“Bu il ərzində 4 “Mersedes” yanıb”

“Başak-İnam Sığorta” şirkətinin biznesin inkişafı departameninin müdiri Hikmət Allahverdi bu ilin 6 ayı ərzində müştərilər tərəfindən avtomobil yanması ilə bağlı 4 sorğu daxil olduğunu deyib. Bunlardan 2-si Bakı, biri Xırdalan şəhərində, biri isə Hacıqabul rayonunda baş verib. Yanan avtomobillərin hamısı “Mercedes Benz” markalı maşınlar olub. O, qeyd edib ki, baş vermiş hadisənin 2-si üzrə -“Mercedes Benz 240” markalı avtomobilin sahibinə 4 027 manat, “Mercedes Bens 350 L” markalı avtomobilin sahibinə isə 2 565 manat sığorta ödənişi verilib. Hikmət Allahverdi əlavə edib ki, digər 2 hadisə iyul ayının əvvəlində baş verdiyinə görə araşdırma aparılır. İlkin ehtimala görə yanan digər 2 avtomobilə 9-10 min manat arasında zərər dəyib. Yanğınlara səbəb isə mühərrik hissədə elektrik naqillərində baş verən qısaqapanma olub.

“90% yanğın hadisəsində maşın tamamilə məhv olur”

“Bakı sığorta” şirkətinin hadisələr departamentinin müdiri Ayaz Quliyev fins.az-a deyib ki, bu il ərzin avtomobilin yanması faktı ilə bağlı 1 sığorta hadisəsi olub. Mayın 14-də H.Aslanov metro stansiyasının yaxınlığında “Mercedes Benz C 240” avtomobili naqillərdə baş verən qısaqapanma nəticəsində yanıb. Hadisə ilə bağlı 4904 manat sığorta ödənişi edilib. O qeyd edib ki, adətən maşınların yanmasına əlavə avadanlıqların, siqnalların yerləşdirilməsi, qoruyucu naqillərin düzgün qurulmaması kimi amillər təsir edir: “Köhnə avtomobillərlə naqillər quruyur, bir-birinə toxunur və nəticədə yanğın baş verir”. A. Quliyev bildirib ki, avtomobil yanması hallarının 90 faizi maşının tamamilə məhv olması ilə nəticələnir.