30 Oktyabr

İnternet ticarətdən vergi tutulacaqmı?- FİKİR AYRILIĞI

Azərbaycanın dövlət qurumları arasında elektron komersiyanın, o cümlədən internet ticarətin vergiyə cəlb edilməsi ilə bağlı fikir ayrılığı yaranıb. Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, Vergilər Nazirliyi elektron kommersiyanın vergiyə cəlb olunmasını zəruri saysa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bunun əlyhinədir. Qeyd edək ki, hər iki qurumun arqumentləri əsaslıdır: Rabitə Nazirliyi bildirir ki, vergiyə cəlb olunması elektron ticarətin inkişafına mane ola bilər, Vergilər Nazirliyi isə ölkə qanunvericiliyini və bu sahədə özünü doğrultmuş dünya təcrübəsini əsas gətirir.
Bir neçə gün əvvəl Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsi üçün işlərə başlanacağını açıqlamışdı. Sentyabrın 3-də isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov elektron ticarətə vergi tətbiqinin əleyhinə çıxıb. O bildirib ki, “Azərbaycanda yenicə inkişafa başlayan electron ticarətə verginin tətbiq edilməsi bu sahənin inkişafını ləngidə bilər”.
Nazir bununla bağlı Vergilər Nazirliyinə müraciət edəcəyini də açıqlayıb: “Çalışacağıq ki, müvafiq qurumları elektron ticarətə vergi tətbiq edilməməsi üzrə inandıraq. Biz bu barədə Vergilər Nazirliyinə təklifimizi verəcəyik”.
Öz növbəsində Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsinin vacibliyi ilə bağlı möaqeyini bir də açıqlayıb.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, vergi nəzarəti bu sahədə nizam– intizamın təmin olunmasına gətirib çıxardacaq. Vergilər nazirinin müşaviri qeyd edib ki, dünyanın hər bir yerində elektron ticarətə vergi nəzarəti həyata keçirilir: “Azərbaycanda da elektron ticarət dövriyyəsi durmadan artır. Bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət vergiyə cəlb olunmalıdır”. Müşavir elektron ticarətin vergiyə cəlb edilməsinin bu sahənin inkişafına mane olmayacağını bildirib: “Biz elektron ticarətə verginin tətbiq edilməsinin bu sahənin inkişafının lənigiməsinə səbəb olacağını hesab etmirik”.