30 Oktyabr

Mərkəzi Asiyada sığorta "bumu" davam edir

Son zamanlar Mərkəzi Asiyanın demək olar ki, bütün ən iri sığortaçıları daxili, bəziləri isə həm də xarici bazarda biznes inkişafı planları barədə planlarını açıqlayıblar. Fins.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Rəqabətin genişlənməsi və güclənməsi sığorta şirkətlərini yeni biznes mənbələri axtarmağa sövq edir. Ona görə də, təəccüblü deyil ki, Mərkəzi Asiya sığortaçılarını mədəniyyət, adət-ənənə və tarix baxımdan da onlara daha yaxın olan MDB ölkələri bazarının dinamika və potensialı maraqlandırmağa başlayıb.

“Cırtdanlar” arasında nəhəng

SSRİ-nin parçalanması ilə əvvəl mövcud olan sığorta sistemi də dağıldı və Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Azərbaycan və Tacikistan kimi yeni yaranmış müstəqil ölkələrdə “öz qaydaları”na uyğun yeni sığorta bazarları formalaşmağa başladı. Qeyd etmək lazımdır ki, Mərkəzi Asiya ölkələrinin sığorta bazarları heç də oxşar deyillər. Lakin hazırda onlar arasında daha inkişaf edən bazar Qazaxıstan bazarı hesab olunur.
Bununla yanaşı, adıçəkilən digər ölkələrin sığorta bazarları durmadan inkişaf edir, neft hasilatının və neft emalı sənayesinin artım potensialı Azərbaycan, qismən də Özbəkistanın sığorta bazarlarını daha cəlbedici edir. Mərkəzi Asiyanın digər ölkələri, həmçinin Pakistan və Əfqanıstan bazarları isə investisiya imkanları baxımdan daha az maraqlıdırlar.
Lakin qeyd etmək lazımdır ki, Qazaxıstan yalnız “cırtdanlar” arasında nəhəng hesab olunur. Əslində isə ölkə beynəlxalq sığorta bazarında çox kiçik yer tutur. Bu, dünya üzrə ümumi sığorta yığımlarının 1%-dən də az hissəsini təşkil edir. Sığortanın Qazaxıstanın milli iqtisadiyyatında nüfuzu (sığorta bazarının ÜDM-ə nisbəti) 1-1,3% təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən (6,9%) geri qalır.

Azərbaycan və Özbəkistan bazarı sürətlə böyüyür

Mərkəzi Asiyanın formalaşmış milli təkrarsığorta bazarının olmadığı digər ölkələri ilə (Azərbaycan və Özbəkistan xaric) müqayisədə Qazaxıstan bazarı risklərin yerləşdirilmə həcmi baxımından daha cəlbedicidir. Yuxarıda adıçəkilən ölkələrdə güclü sığorta bazarı var və hazırda həmin ölkələrin sığortaçıları qərb standartları üzrə işləyirlər (və ya ən azından işləməyə çalışırlar).
Bundan başqa, Qazaxıstan sığortaçıları əməkdaşlıq əlaqələri hesabına gələcəkdə Qərb bazarında sığorta risklərinin yerləşdirə və ya başqa sözlə, təkrarsığorta brokeri rolunda çıxış edə bilərlər.
Ayrı-ayrı ölkələrə gəldikdə isə, Azərbaycanın sığorta bazarı son 8 ildə 6 dəfə böyüyüb, son 2 ildə isə ikiqat artaraq 543 mln. dollar təşkil edib. Belə uğurlu nəticələr Azərbaycanın sığorta qanunevriciliyinin beynəlxalq standartlara uyğun olması hesabına əldə edilib.

Analoji vəziyyət Özbəkistanda da müşahidə olunur. Burada yerli hökümətin həyata keçirdiyi sığorta fəaliyyətinin tənzimlənməsi siyasəti sığorta bazarının dinamik inkişafı üçün vacib olan hər şəraiti yaradır. Özbəkistanın sığorta bazarı son 7 il ərzində 4,6 dəfə artıb, sığorta yığımları isə 338,5 mlrd. sum təşkil edib.

Tacikistanda sığortaya "səbəb yoxdur"

Tacikistanda vəziyyət bir qədər fərqlidir və burada sığorta xidmətləri bazarının inkişafı üçün çox hələ çox iş görülməlidir. Yerli hökümət sığorta sektorunu maliyyə-iqtisadiyyat sahəsinin gücləndirilməsi baxımından vacib alətlərindən biri hesab edir. İlk növbədə, bu sahədə çalışan şirkətlərin sayının artırılmasına və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasına diqqət yetirmək lazımdır.
Qırğızıstanda sığortanın inkişaf perspektivləri o qədər də yüksək qiymətləndirilmir. Burada əsas problem potensial müştərilərin maliyyə imkanlarının aşağı olmasıdır. İkinci səbəb sığorta müqavilələrinin bağlanılması üçün yetəri səbəblərin olmamasıdır. Sahibkarların çoxunun sığorta təminatı vermək üçün kifayət qədər stimul və maliyyə resursu yoxdur. Təbii fəlakət və texnogen qəzaların nəticələri əsas etibarilə dövlət büdcəsi hesabına aradan qaldırılır. Lakin qeyd etmək lazımdır ki, Qırğızıstanın sığorta bazarı müstəqillik dövründə əsaslı surətdə dəyişib və əminliklə demək olar ki, sığorta bu gün ölkə iqtisadiyyatının mühüm təkrib hissəsinə çevrilib.
Amma Tacikistan və Qırğızıstanın ümumi mənfi cəhətləri var. Məsələn, xarici sığorta şirkətlərinin nümayəndələri bu ölkələrdə tez-tez qeyri-qanuni situasiyalarla rastlaşmalı olduqlarını bildirirlər.

Türkmənistanda sığorta dövlətin əlindədir

Türkmənistanda isə sığorta bazarı son 5-7 ildə 6 dəfə böyüyüb. Lakin əlavə etmək lazımdır ki, sığorta bazarı tamamilə dövlətin əlindədir. Türkmənistanın dövlət sığorta təşkilatı tərkibinə həm əmlak, fərdi və 5 növ icbari sığorta növləri üzrə xidmətlər göstərən və bütün Türkmənistan ərazisində fəaliyyət göstərən 40 müstəqil sığorta təşkiları daxildir. Son bir neçə il ərzində sığorta sahəsinin inkişafının fdayanmasını bununla izah etmək olar.