30 Oktyabr

Bu hərəkət sığortaya inamı azaldır

Azərbaycanda xeyli insan avtomobilin tam sığortası (KASKO) ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nı bir-birindən ayırd edə bilmir. Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, icbari sığortası olan avtomobil sahibinin sığorta şirkətindən öz avtomobilinə dəymiş zərərin ödənilməsini istəyirlər. Halbuki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” avtomobillərin Azərbaycan ərazisində istifadəsi nəticəsində başqa şəxslərin sağlamlığına və əmlakına vurulan zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Yəni, siz icbari sığortanı ona görə alırsınız ki, avtomobiliniz ilə başqasına vurduğunuz zərəri cibinizdən deyil, sığorta vasitəsilə ödəyəsiniz.

BƏZƏN KASKO KÖNÜLLÜ İCBARİDİR

Savadsızlığı avtomobilin tam sığortasına da aid etmək olar. Bu sığorta könüllü olsa da, çoxları onu bəzən məcburiyyət qarşısında qalaraq almalı olurlar. Məsələn, avtomobil lizinq və kredit yolu ilə alınan zaman onun tam sığortalanması tələb edilir, yoxsa siz avtomobili ala bilməzsiniz. Alıcı avtombil almağının sevincindən və məlumatsızlığından bankda digər sənədlər ilə bərabər sığorta müqaviləsinin şərtlərini oxumadan ona imza atır. Beləliklə o, sığortalı avtomobil sahibi olur.

Bəs, tam sığortası (KASKO) olan avtomobil icbari sığortası olan avtomobil ilə vurularaq əzildikdə zərəri kim ödməlidir? Sürücülərin çoxu bu barədə də məlumata malik deyillər. KASKO sığortası olan avtomobil sahibləri qəza yerinə gələn sığorta şirkətinin əməkdaşından avtomobilinə dəymiş zərəri onu vuran avtomobili icbari sığorta etmiş şirkətdən alacağını eşitdikdə çox məyus olurlar. Və narazı halda “Sığorta boş şeydir”, “Şirkətlər yalançıdırlar, ödəniş verməkdən boyun qaçırırlar” deyərək etiraz edirlər. Çox çətin ki, bundan sonra belələri yenidən gedib könüllü sığorta alsınlar. Baxmayaraq ki, dəymiş zərər ona zərər vuranın icbari sığortası üzrə ödənilir. Burada da, narazılıq doğuran hallar var. Avtomobilin sığorta şirkətinin servis mərkəzində təmir olunması, təmirin uzun çəkməsi və işin aşağı keyfiyyətdə görülməsi insanları sığortadan uzaqlaşdırır. Bu, başqa bir mövzudur. Qayıdaq, KASKO sığortası olan avtomobilin icbari sığortalı avtomobil tərəfindən vurulmasına.

ƏYANİ SÜBUT

Bu vəziyyət, bir neçə gün əvvəl avtomobil qəzalarından birinə şahidlik etmiş “Marja”nın əməkdaşının dediklərindən daha yaxşı aydın olur:

“Bu günlərdə bir qadın sürücü idarə etdiyi “Nissan Tiada” markalı avtomobili ilə qarşısındakı “Chery” markalı avtomobili vurmuşdu. “Chery” avtomobili isə zərbənin təsiri ilə önüdəki avtomobilə toxunmuşdu. Üç avtomobilin zərər gördüyü qəzada günahkar qadın sürücü idi. Təbii ki, zərər çəkmiş və zərər vuran qəza barədə sığorta şirkətlərinə məlumat verdilər. Məlum oldu ki, qadının vurduğu “Chery” avtomobili lizinq ilə alınıb və alınan zaman sığortalanıb. Zərər çəkənin sığorta şirkətinin əməkdaşı hadisə yerinə gəldikdə “Chery” avtomobilinin sahibinə müqavilə üzrə 250 manat franşizanın olduğunu və avtomobilə təxminən 400-500 manat civarında zərər dəydiyini qeyd edərək ona ödəniş verilməyəcəyini bildirdi. O, bunu belə əsaslandırdı ki, dəymiş 400-500 manatdan 250 manat franşiza çıxılarsa, ona 150-250 manat sığorta ödənişi verilə bilər. Sığorta şirkətinin əməkdaşı bunun da ona (“Chery” sahibinə) sərf etməyəcəyini deyərək, ödənişi “Nissan Tiada” avtomobilinin sahibinin mülkü məsuliyyətinin icbari sığortası üzrə tələb etməyi məsləhət gördü. Bu sözlərdən sonra sığortalının vəziyyəti yaxşı deyildi. “250 manatlıq franşiza”, “sığorta ödənişini ziyan vurandan alarsınız” xəbərləri onu məmnun etmədi. O, sığortadan ağız dolusu şikayətlənməyə başladı”.

QANUNUN TƏLƏBİDİR

“Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Ramin Məmmədov “Marja”ya bildirdi ki, qanunvericiliyə görə, zərər vuranın icbari sığortası varsa, zərərçəkənə ödənişi birinci zərər vuranın sığorta şirkəti ödəməlidir. Amma zərərçəkənin sığortaçısı istəyərsə, müştərisinin mümnuniyyəti üçün ona dəyən zərəri ödəyib, bunu zərər vuranın sığortaçısından ala bilər.

“Əgər konüllü sığorta məhsulunu satmış şirkət öz müştərisi ilə normal münasibət qurubsa və onun əziyyət çəkməsini istəmirsə, avtomobili könüllü sığorta üzrə təmir etdirə bilər. Sonra isə çəkdiyi xərci subroqasiya hüququndan istifadə edərək zərər vuranın sığortaçısından ala bilər. Qanunvericilik buna imkan verir. Könüllü sığortada şirkətlərin müştərilərə qarşı münasibəti çox həssas olduğu üçün onlar sırf müştərinin məmnuniyyətinin qazanılması üçün bu yolu seçə bilərlər”,- Ramin Məmmədov qeyd etdi.

KASKO VƏ FRANŞİZA NƏDİR?

Franşiza (Azadolma) – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

KASKO - könüllü sığorta növüdür. KASKO üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır.