30 Oktyabr

FOREX bazarında dönüş başladı

Azərbaycan mətbuatında marjinal ticarət (FOREX) mövzusunda məqalə və məlumatların sayı tədricən artır. Amma bu xəbərlərin, daimi, peşəkar oxucuları ilə bərabər, marjinal ticarətdə yeni olan və ya bu sahə barədə yalnış məlumatlara malik olan insanlar da var. Belələri lazımi məlumata və biliklərə malik olmadıqlarına görə, FOREX sahəsində fəaliyyətə başlayanda daha çox mənfi nəticələrlə üzləşirlər. Bu isə ümumilikdə FOREX bazarına etimadı azaldır. Nəticədə FOREX mövzusu ilə bağlı ətraflı maarifləndirməyə ehtiyac yaranıb.

NƏZARƏT OLMADIĞINDAN “AT OYNADIRDILAR”

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, bütün problemlər indiyədək bu sahəyə nəzarətin olmamasından qaynaqlanır. FOREX bazarı fəaliyyətini dövlətin tənzimləməməsindən sui-istifadə edən xarici şirkətlər Azərbaycanda “at oynadırdılar”. Ona görə, “oynadırlar” deyil, “oyandırdılar” deyirik ki, artıq meydan onların əlindən çıxır. Bu barədə növbəti abzaslarda ətraflı yazacağıq. Qısası, bu şirkətlər əhalinin məlumatsızlığından və bazardakı boşluqdan istifadə edərək qeyri peşəkar şəkildə qurulmuş şirkətlərdir. Bu kimi şirkətlərin heç bir müvafiq texnolji imkanları, insan kapitalı və sərmayəsi yoxdur.

ƏSLİNDƏ NECƏ OLMALIDIR

Əhaliyə hər cür maliyyə və investisiya xidməti təklif edəcək şirkətin fəaliyyəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) potensial nəzarəti altında olmalıdır. Broker, diler və investisiya xidmətləri təklif etmək istəyən bütün şirkətlər QKDK vasitəsi ilə xüsusi lisenziyaya sahib olmalıdırlar. Eyni zamanda əhali ilə olan münasibətlərdə müvafiq lisenziyalaşmış əməkdaşlar cəlb olunmalıdır ki, onlar termin və risklər haqqında əhalini doğru məlumatlandıra bilsinlər. Ümumiyyətlə, bu sahədə fəaliyyət göstərən şirkətlərin ən yüksək texnoloji imkanlara və ən peşəkar mütəxəssislərə malik olmaları əsas şərtdir.

FƏALİYYƏTLƏRİ QARANLIQDIR

Forex xidmətini təklif edən bir çox xarici şirkətlər Azərbaycanda təcrübəsiz bir neçə işçi götürüb, cüzi kapital ilə şirkətlər yaradaraq, əhalidə maliyyə şirkəti təsəvvürü yaratmaqla xidmət göstərməyə başlamışlar. Hazırda Azərbaycanda marjinal ticarət sahəsində lisenziyasız, heç bir dövlət orqanına, xüsusilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə hesabat verməyən – “LiderForex”, “İnForex”, “xDirect”, (“X-Trade” Qrupun üzvü), “ForexClub”, “MMCİS”, “İronForex”, “Tele Trade”, “Master Forex”, “Traders Trust”, “Forex Optimum” və s. adlı şirkətlər fəaliyyət göstərirlər. Bakıdakı “Caspian Plaza” kimi iş mərkəzlərində icarə qiymətlərinin münasib olması isə onların bu məkanlarda toplaşmasına şərait yaratmışdır.

HESABATLAR VERMİRLƏR

Bu şirkətlərin çatışmamazlıqlarını bir neçə başlıq altında toplasaq, ilk növbədə, onların fəaliyyətlərinin Azərbaycanın kapital bazarları üzrə qanunvericiliyinin tələblərinə uyğun qurulmadığı qeyd edilməlidir. Həmin şirkətlər bu sahənin tənzimləyicisi olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə heç bir hesabat vermirlər. Lisenziyaları olmadığından dövlət və müşəriləri qarşısında öhdəlik daşımırlar. Adətən yaranan problemləri müştərinin zərərinə həll edərək, sahəyə qarşı inamın itməsinə gətirib çıxardırlar. Digər tərəfdən bu şirkətlərin fəaliyyəti qaranlıqdır, vergi orqanı qarşısında şəffaf hesabatları yoxdur.

TEXNİKİ İMKANLARI VƏ PEŞƏKAR KADRLARI MÖVCUD DEYİL

Marjinal ticarət xidmətini texniki infrastruktur və peşəkar kadrlar olmadan doğru və şəffaf şəkildə göstərmək mümkün deyil. Hər bir ciddi broker şirkətində lisenziya almış şəxslər çalışmalıdır. Nəzarətsiz işləyən FOREX şirkətlərinin əksəriyyəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən lisenziyalaşdırılmış işçiyə malik deyillər. Yəni, olan 1-2 işçiləri qiymətli kağızlar bazarında işləməyə uyğun insanlar deyildir və onlar investisiya mədəniyyətindən uzaqdırlar. Həmçinin, bu şirkətlərin çoxlarının başında duran şəxslərin investisiya ilə heç bir əlaqəsi yoxdur.

“ÜZMƏYİ” ÖYRƏTMƏDƏN, MÜŞTƏRİNİ “OKEANA” ATIRLAR

Bu şirkətlər marjinal ticarətə başlamaq istəyənlərə tədris verdiklərini bildirsələr də, əslində onların verdiyinə təhsil demək olmaz. Onların heç birinin peşəkar treyninq və konsaltinq xidmətləri yoxdur. İnsanlar öyrədilmədən, təhsil verilmədən FOREX-ə yönəldilir. Təbii ki, əksər hallarda belə müştərilər uğursuz olurlar və sonradan FOREX-ə “qumar” və ya “oyun” kimi baxırlar. Nəticədə də, cəmiyyətdə əsl adı marjinal ticarət olan FOREX-in qeyri-ciddi bir sahə olması ilə bağlı fikir formalaşmağa başlayır.

Marjinal ticarət elə bir sahədir ki, müştəri ilk növbədə müəyyən halqalardan keçməli, minimum bilikləri almalı, sonra bazar ilə üz-üzə qalmalıdır. FOREX bazarı bir “okeandır”, üzməyi bilməyəni ora atmaq, onun “boğulacağı” deməkdir. Buna görə, FOREX ilə ilk dəfə tanış olanları birinci “gölməçədə üzməyi öyrətmək, sonra okeana çıxartmaq” lazımdır.

YANILDICI REKLAMLARDAN İSTİFADƏ EDİRLƏR

Qeyri-ciddi FOREX şirkətləri marketinq və reklam siyasətlərində qayda-qanunlara da riayət etmirlər, yanıldıcı reklamlardan istifadə edirlər. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət xidməti bu şirkətlərdə də yoxlamalar aparmalıdır. Bu şirkətlər investisiya yatıranlara bonuslar, hədiyyələr verirlər. Məsələn, “Lider Forex” şirkəti 150 dollar və daha çox yatırım edən investorlara 100% məbləğində bonus verdiyini bildirirdi. İnvestisiyada bonus və hədiyyə vermək doğru deyil, belə şirnikləndirici təkliflər, dolayı yolla müştəriyə kredit verməkdir. Digər tərəfdən, sərmayənin gəlir gətirməsindən daha çox itirilməsinə gətirib çıxardır.

Təəssüf ki, hazırda bank lisenziyası olan “AG Bank”-ın nəzdində fəaliyyət göstərən “AG Bank Forex” xidməti də bu kimi yanıldıcı reklam kampaniyaları keçirir. Kampaniyanın şərtlərinə görə müştərinin müəyyən həcmdə ticarət əməliyyatı açdığı təqdirdə həmin şəxsə telefon hədiyyə olunur. Bankın reklam mətnində “Sərmayəniz gəlir qazansın, Siz isə “iPhone 6” qazanın!” və “Həm uğurlu sərmayə yatır, həm də “iPhone 6 qazan!” ifadələrindən istifadə olunur.

DÖNÜŞ BAŞLADI – “Lider Forex” BAĞLANDI

Marjinal ticarətdə xoşagəlməz hallar davam etdikcə də, qeyri-ciddi şirkətlərə inam azalır. “Marja”nın Azərbaycanda bu şirkətlərin müştərilərindən əldə etdiyi məlumatlar göstərir ki, artıq bu sahədə dönüş başlayıb, bir sıra şirkətlər bazardan çıxmaq, digərləri isə fəaliyyətlərini tamamən dayandırmaq məcburiyyətində qalmışdırlar. Məsələn, bir neçə gün öncə “Lider Forex” şirkəti müştərilərinə məktub göndərərək fəaliyyətini dayandırdığını bəyan edib. Şirkət, bağlanmasına müştərilərinə göndərdiyi belə bir mesaj ilə “don geyindirməyə” çalışıb:

“Nəzərinizə çatdırmaq istəyirik ki, “Lider Forex” şirkətinin Azərbaycan üzərindən müştərilərə göstərmiş olduğu reklam xidməti üzrə müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq, Bakı şəhəri, Cəfər Cabbarlı küç. 44, Caspian Plaza 1/12 ünvanında yerləşən ofisindən “online” xidməti dayandırılmışdır. Müştərilərin növbəti aylar üçün xidməti birbaşa London ofisindən həyata keçiriləcəkdir”. Bundan başqa elektron məktubda qeyd olunur ki, müştərlər mövcud hesabları üzərində hər hansı bir əməliyyatla (depozit artırmaq, pul çəkilməsi və s.) bağlı müraciətlərini şirkətin saytının ingilis dili versiyası üzərindən və London ofisinin telefon nömrəsindən etməlidilər. Əslində şirkətin “London ofisi” deyə bildirdiyi ofis Böyük Britaniyanın “Fortrade Ltd” şirkətidir və müştərilərə göndərilən elektron məktubda müraciət üçün bu şirkətin telefon nömrəsi göstərilib. Müştərilərin adı çəkilən “ForTrade” şirkətinə vəsaitlərin geri alınması ilə bağlı yönləndirilməsinə baxmayaraq müraciətlər hələ də cavabsız qalmışdır.

YALANIN AYAQ TUTUB YERİDİYİ SAYTLAR YARADIB

Ümumiyyətlə, “Lider Forex” şirkətinə qeyri-ciddi şirkətlərin ən təhlükəsi demək olar. Bu şirkət “Pul qazanmaq”, “İnternetdən pul qazanmaq”, “Forex baku”, “Forex Azerbaijan”, “Birja forex”, “Altes forex” və digər adlarda təhrikedici, aldadıcı informasiyaların yerləşdirildiyi saytlar açaraq insanları özünə cəlb edib. Həmin saytlardan birində FOREX digər peşələr ilə müqayisə edilərək pul qazanmağın ən asan yolu kimi təqdim olunur. Saytda “Pul qazanmağa başla” bölməsinin üzərinə kliklədikdə isə istifadəçi “Lider Forex”-in saytına yönləndirilir.

ÖZ SAYTI DA SAXTADIR

“Lider Forex”-in korporativ stili və saytı belə oğurluqdur. Belə ki, şirkətin sayıtının rəngi, dizaynı Türkiyənin “GCM Forex” şirkətinin saytı ilə eynidir. Görünür ki, bu şirkət ya nə vaxtsa “GCM Forex”-in Azərbaycanda qolu olub, ya da şirkətin korporativ stilini oğurlayıb. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda da fəaliyyət göstərən Rusiyanın MMCIS şirkəti də vəsait çatışmazlığı səbəbindən müflis olaraq öz işini dayandırmışdır.

GÖRÜLƏN İŞLƏRƏ KÖLGƏ SALIR

Qısası, “LiderForex”-in və ona bənzər bir sıra şirkətlərin əsas məqsədi insanların məlumatsızlığından istifadə edib, çox vaxt onları yanlış istiqamətləndirməkdir. Müştərilərindən mənbəyi bəlli olmayan şirkətlər üçün aldıqları depozitlər sonradan əhali arasında narazıçılığa gətirib çıxardır. Bütün bu işlər dövlətin və ciddi investisiya şirkətlərinin gördüyü işlərə kölgə salır.

FOREX-Ə NƏZARƏT OLUNACAQ

Artıq Azərbaycanda marjinal ticarətin tənzimlənməsi istiqamətində geniş işlərə başlanılıb. “Qiymətli kağızlar haqqında” hazırlanan yeni qanun layihəsinə görə, valyuta və əmtəə əsaslı törəmə alətlərinin marjinal ticarəti ilə yalnız və yalnız müvafiq lisenziyası olan investisiya şirkətlərinin məşğul ola biləcəyi gözlənilir. Bu çox sevindirici haldır, çünki xarici şirkətlər rahatlıqla Azərbaycana gəlib “at oynada” bilməyəcəklər. Artıq Azərbaycanda bu cür şirkətlər işləməməlidirlər.

Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramına uyğun olaraq əhalinin maarifləndirilməsi, şəffaf bazarın yaradılması, yeni alətlərin tətbiqi və s. istiqamətlərdə geniş işlər görülür.

YENİ DÖVR BAŞLAYIR

Artıq il başa çatmaqdadır. 2014-cü il Azərbaycanda dəyişikliklər ili kimi yadda qaldı. Belə ki, bu il FOREX bazarı kimi tanınan valyuta və əmtəə əsaslı törəmə alətlərinin marjinal ticarəti mərkəzləşdirilmiş şəkildə Azərbaycanın maliyə təşkilatları vasitəsilə təklif olunmuşdur. Bu əməkdaşlıqda maliyə təşkilatları ilə yanaşı Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və InvestAZ investisiya şirkəti də iştirak etməkdədir. 2015-ci il yeni bir dönəmin - şəffaf investisiya mühitinin açılışıdır. Artıq Azərbaycanda yeni kapital bazarları dövrü, eyni zamanda broker şirkətləri ilə əhalinin münasibətlərində yeni dövr başlayır. İnanırıq ki, 2015-ci ildə Azərbaycanda kapital bazarlarının inkişafı, broker şirkətlərinin güclənməsi, investisiya bankçılığın markalaşması özünü daha qabarıq göstərəcəkdir.

Sonda, əhaliyə lisenziyası olan, fəaliyyətinə dövlətin nəzarət etdiyi şirkətlər ilə çalışmağı tövsiyə edirik.