30 Oktyabr

Qarda qəza zamanı maşını kim düzəltməlidir? - DƏQİQ CAVAB

Bakıda hava şəraitinin kəskin pisləşməsi, güclü şəxta və qar yollarda hərəkətin çətinləşməsinə və qəzaların artmasına səbəb olur. İndiyədək sürücülər arasında mövud olan qeyri-rəsmi qaydaya görə, belə havalarda və buz bağlayan yollarda qəza baş verəndə günahkar axtarılmır, yəni günahın kimdə olmasından asılı olmayaraq hər bir avtomobil sahibi öz maşınını özü təmir etdirirdi. Bəzi sürücülər indi də qəza hallarında bu qaydaları əsas gətirirərək qarşı tərəfə vurduqları zərəri ödəməkdən imtina edirlər. Bəziləri isə bundan sui-istifadə edir. Nəticədə avtomobil sahibləri özlərinin və ya qarşı tərəfin sığortası olmasına baxmayaraq avtomobillərini öz hesablarına təmir etdirməli olurlar.

«Sürə bilmirsənsə, yola çıxma»

Amma mütəxəssislər bu qaydanın düzgün olmadığını bildirirlər. Yol hərəkəti üzrə mütəxəssis Ərşad Hüseynov bildirir ki, qarlı-buzlu yol şəraiti yol hərəkətinin hər hansı qaydasını dəyişmir: «Yol nişanlarının, svetoforların, nişanlanma xətlərinin də qarlı-buzlu şəraitlə hər hansı əlaqəsi yoxdur. Hansı yol şəraitinin olmasından asılı olmayaraq sürücü yol hərəkətinin bütün qaydalarına riayət etməli, svetoforun, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidir». Ekspertin sözlərinə görə, yəni hava şəraitini bəhanə edərək qaydaları pozma, yaxud texniki tələblərə riayət etməmə sürücünü məsuliyyətdən azad etmir, o istənilən halda törətdiyi qayda pozuntusuna görə məsuliyyət daşıyır.

Doğrudan da “Yol hərəkəti haqqında” qanuna əsasən sürücü hərəkət zamanı müxtəlif məsələlərlə yanaşı, yol və hava şəraitini, o cümlədən görmə şəraitini də nəzərə almaqla avtomobili ehtiyatla idarə etməlidir. Həmin tələblərə riayət etməyən sürücü törətdiyi hər bir qayda pozuntusuna, o cümlədən təqsirli olduğu yol-nəqliyyat hadisəsinə görə ümumi qaydada məsuliyyət daşıyacaq.

«Bizə müraciət etsinlər maşını təmir etdirək»

Sığorta şirkətləri də bildirir ki, qarlı havalarda qəzalar zamanı «hər öz maşınını düzəltdirməlidir» prinsipi düzgün deyil və avtomobil sahibləri adi havalarda olduğu kimi belə hallarda da qəza zamanı sığorta şirkətinə müraciət etməlidirlər: «adi qaydada olduğu kimi, qış aylarında da qəzalarla bağlı müraciət olunursa, hadisə araşdırılandan sonra sığorta ödənişi verilir.

“A Qroup” sığorta şirkətinin sığorta hadisələri departamentinin mütəxəssisi Ağamir Kazımov fins.az-a bildirib ki, istənilən halda sığortalı polisdən qəza ilə bağlı lazımı sənədləri təqdim edirsə, hadisə araşdırılır. Daha sonra sığorta ödənişi verilir. Onun sözlərinə görə, adi günlərdə olduğu kimi, qarlı günlərdə də qəza ilə bağlı müraiət olunan ünvana vaxtında gedilir və hadisə qeydə alınır: «Məsələn, ötən il güclü yağıntı nəticəsində yolların buz bağlaması səbəbindən yanvarın 30-dan fevralın 3-nə kimi 12 qəza baş verib. Kasko üzrə 10 hadisəyə görə, 10 701 manat sığorta ödənişi verilib. 2 hadisə ilə bağlı isə müraciət olunmayıb: “Yəqin ki, bu halda dəymiş ziyanı zərərvuran tərəf ödəyib».

Kimsə məsuliyyətsizlik edirsə, niyə bunun zərərini başqası görməlidir?

“Azərbaycan Sənaye Sığorta” şirkətində də fins.az-a bildirilib ki, buzlu yollarda qəza baş verərkən “Hər kəs öz maşınını düzəltdirsin” prinsipi düzgün deyil: “Bir sürücünün avtomobilini qışa hazırlamadığına, təkərləri yeniləmədiyinə görə qəza baş verirsə, niyə digər sürücü onun əziyyətini çəkməlidir? Daha yaxşı olar ki, sığorta şirkətinə müraciət olunsun. Qəza ilə bağlı müraciət daxil olan kimi, hadisə araşdırılır, daha sonra sığorta ödənişi verilir».