30 Oktyabr

Azərbaycanda ən çox hansı telefonu alırlar?

Bayram günlərində Azərbaycanda mobil telefonların satışı artıb. Satış şəbəkələrinin nümaynədələri fins.az-a artımın həcmi ilə bağlı fərqli məlumatlar səsləndirsələr də, ümumilikdə mobil telefonlara marağın artması şübhəsizdir. Bununla yanaşı, ayrı-ayrı mobellərin satışında dəyişikliklər var.

Artım 5-10%-dir

“Kontakt” şirkətinin satış meneceri Cavid Talıbov fins.az-a bildirib ki, 2013-cü illə müqayisədə ötən il telefonların satışı 5 % artıb. Bu da yeni model smartfonların satışa çıxarılması, bayram kompaniyaları ilə bağlı olub. Yeni iPhone modellərinin bazara çıxarılması da buna təsir göstərib. “İrşad Telecom”dan da bayram günlərində telefon satışının artdığı bildirilib. Şirkətin marketinq meneceri Şəhriyar İsmayılov fins.az-a bildirib ki, bayramla əlaqədar telefon satışlarında 10 faiz artım müşahidə olunub. Onun sözlərinə görə, daha çox “Android” sistemli telefonlar alınır. Çünki həmin sistemlə işləyən telefonlar üstünlük təşkil edir.

“Samsung”u məsləhət görmürük”

“Kontakt” şirkətinin satış meneceri Cavid Talıbovun sözlərinə görə ,“iPhone”, “LG”, “HTC”, “Sony” modellərinə maraq artıb. Bunların əksinə olaraq, “Samsung”lara maraq azalmaqdadır. Bunun əsas səbəbi bu telefonlarda müşahidə olunan donma hallarıdır: “Samsung”larda son dövrlərdə şəbəkə itməsi, donma, enerjinin qısa zamanda tükənməsi kimi problemlər var. Məsələn, 20 şəkil, bir neçə proqram, video fayl yükləyən kimi, telefon donmağa başlayır. Ona görə də alıcıların etimadını itirməmək üçün çox zaman məsləhət görmürük».

“İrşad Telecom” nümaynədəsi isə əksinə, ötən il “Samsung” telefonlarının daha çox satılandığını deyib. Ş.İsmayılov bunu “Samsung” modellərinin çoxluğu ilə əlaqələndirib: “2-ci yeri “iPhone”lar tutur. Baxmayaraq ki, “iPhone 6” və “iPhone 6+” modelləri ilin sonlarında satışa çıxarıldı, amma çox satıldı. Bu da bu telefonların kefiyyəti və bizim insanların psixologiyası ilə bağlıdır”

“iPhone” alıcılarının bir hisəsi özlərini göstərmək istəyənlərdir

Mütəxəsislər bildirir ki, bəziləri telefonu kefiyyətlə yanaşı, daha çox kiməsə göstərmək naminə alırlar. Ona görə də, “iPhone” alanlar artıb. Cavid Talıbov hesab edir ki, bunun səbəbi həmdə bu telefonların kreditlə satılmasıdır: “Ümumiyyətlə telefonları kreditlə alanlar nəğd alanlara nisbətən 15-20 faiz artıb. 100 telefondan 80-90%-i kreditlə satılır”.

“Müştərilər müqayisə aparıb telefon alırlar”

Bəzi müştərilər isə mobil telefon alanda qiymət və kefiyyətə görə müqayisə aparırlar. Şəhriyar İsmayılov insanların zövq və düşüncələrinin müxtəlif olduğunu bilidirib: “Kimisi telefonun kefiyyətinə, texniki göstəricilərə, işləmə sürətinə, kimisi isə rəng çalarına, ölçülərinə, dizaynına fikir verir.”

Telefon bazarında vəziyyət stabil deyil

Hələlik satış şirkətləri 2015-ci ildə telefonların satışı ilə bağlı proqnoz verməyə ehtiyat edirlər. Mütəxəssislər bildirir ki, bazarda vəziyyət sabit deyil, ona görə də bu il vəziyyəti qiymətləndirmək hələlik tezdir. Daim baş verən texnoloji yeniliklər vəziyyəti sürətlə dəyişə bilir:“Müştəri telefonu köhnəldiyi zaman yenisini alır. Bir telefonu daim özündə saxlamır. Bu da telefon bazarına təsir göstərir».