30 Oktyabr

“Sədərək”də Rusiya böhranı

Son bir neçə ayda şəhərin mərkəzi yerlərindəki ticarət obyektlərində, satış mərkəzlərində alıcılıq qabiliyyəti aşağıdır. Fins.az-ın "Bizimyol.info"-ya istinadən məlumatına görə, əslində ticarətçilər heç vaxt qaz vurub qazan doldurduqlarını demirlər, keçən il də şikayətlənirdilər, bu il də narazıdırlar, çox güman ki, gələn il də razı olmayacaqlar. Amma yeni ildən sonra onları danışdırmaq lazım gəlmir, dükan-bazarları müşahidə etmək kifayətdir ki, alıcının tədricən yoxa çıxdığını görəsiz. Bu dəfə Bakının ən ucuz sayılan "Sədərək" Ticarət Mərkəzində müşahidə apardım.

Diqqətimi əsasən xəz-dəri geyimlərinə ayırdım. Adlarını çəkməyəcəm, çünki gizli reklam sayılırmış. Heç mağazaya girmədən girişdəcə satıcı gənclər bizi yarızor-yarıxoş içəri dəvət etdilər. İlk qarşıma çıxan kürkün (hərçənd biz də buna ruslar kimi "şuba" deyirik-H.H.) qiymətinə baxdım, 20 min manat imiş - normal bir avtomobilin qiyməti. Digərləri də ucuz deyildi - 18 min, 12 min, 8 min, 5 min və s. Arxayınlaşdım, dedim "camaatın pulu var ki, bu qiymətə geyim satılır, alıcısı olmazsa, satan dəli deyil ki, bu qiyməti qoysun". Biruzə veməməyə çalışsam da, qiymətlərdən razı olmadığımı sezən satıcılar "siz üstündə olan qiymətlərə fikir verməyin, hansı maraqlandırır bizdən soruşun" dedilər. Təsadüfi seçdiyim 8 min manat yazılmış bir kürklə maraqlandım, 1700 manat imiş. Qeyri-ixtiyari "waow, nə qədər fərq var və niyə" soruşdum. "O sadəcə bizim müdiriyyət tərəfindən qoyulan qiymətdir, amma satışı dediyim məbləğədir" dedi. Aradakı fərqin mənasını anlamağa çalışdım, fikirləşdim, bəlkə zinət əşyalarında olduğu kimi bunun da psixoloji izahı var. Satıcı dedi ki, bu fərqi özü də başa düşmür. Onlar izah etməsələr də, sonradan başqa mağazada səbəbini öyrəndim. Sən demə heç qızılın da qiyməti təkcə psixoloji amillərə görə şişirdilmirmiş, daha mühüm səbəb varmış.

Bazarda 500 faizlik "endirim"

Bir kürkdə az qala 5 dəfə fərq vardı. Dedim, yəqin elə ona görə alıcılarınız yoxdur. Dedilər "var". Dedim "haradadırlar, gözümə dəymirlər?" Biri zarafatla nahara gediblər" dedi. Soruşdum reklamları gedən mağaza budur? Dedilər, "onun filialıdır, bura sadəcə vitrin kimidir, gələn müştərilərimizi əsas mağazamıza yönəldirik". Qısa norka kürklər 1200 manatdan başlayırdı. Təbii olub-olmadığını dəqiqləşdirmək üçün sual elədim ki, heyvanları öldürüb, sonra dərisini soyurlar? Dedi, yox, diri-diri soyurlar. Zarafat etdiyini düşünüb güldüm, "yumor hissiniz var" dedim. Ciddiymiş, ilk dəfə öyrəndim ki, kürk hazırlamaq üçün heyvanlar diri-diri soyulurmuş. "Ölü heyvanın dərisi yığılır, istənilən keyfiyyət alınmır" dedilər. Şoka düşdüyümü görüb "bəs sizcə heyvansevərlər niyə buna etiraz edirlər" deyə soruşdular. Satıcı dedi ki, İslamda da dəri geyimlər qadağandır, hansı ayədə olduğunu bilmədi, amma Allahın bunu da müqəddəs kitabında nəzərə aldığını söylədi. Kürkləri geyinib baxmaq həvəsim söndü. Başqa bir kürklə qiymət xatirinə maraqlandım, 1600 manat olduğunu söylədi. "Bəzi xanımların burnunu dik tutacaq qədər bahalı deyilmiş" dedim. Daha qiymətli heyvan sayılan sobolun dərisindən hazırlanmış, 20 min manata vitrinə qoyulan kürkü göstərdi, son qiyməti 10 min manatmış. İtaliyada hazırlandığını dedi. Qiymətdə ucuz olanların isə Kanada dərisi, Pekin tikilişi olduğunu söylədi.

Yunanıstanın kürkü isə 4 min manatmış. Malların fərqini mənə izah etdi, "şuba var, adamın əlinin içində "əriyir", şuba da var cod qalır". Satıcı tapşırdı ki, "dediklərim burada qalsın, bunları məndən başqa heç kim demir". Dedim "heç kimə deməyəcəm, ancaq qəzetdə yazacam". Bu dəfə onlar mənim zarafat etdiyimi düşünüb güldülər. Endirimlərlə maraqlandım, dedi "bəzi mağazalar 70 faiz kartla camaatın başını aldadır, bizdə isə yayda da, qışda da 35-55 faiz endirimdir, üzərində də çanta, kəmər, əlcək hədiyyədir".

Bəy verən atın dişinə baxmazlar, amma hədiyyə də hədiyyə olsa. Başqa bir dükanda kürklərin üzərində verilən hədiyyələrə baxdım, bağışlasalar da götürmərəm. Bir məsləhət verdi: "Ticarət Mərkəzində sizə bələdçilik etmək istəyənlərə imkan verməyin, çünki onların sizi müşayiət etdikləri dükanda şübanı 200 manat baha alacaqsız. Həmin pulu vasitəçiyə verəcəklər. Qiyməti nə qədər "öldürsəniz" də, o məbləğ sizdən çıxacaq. Bazar maklerlə doludur, hər sahənin makleri var".

Son bir neçə ayda satış üç dəfə azalıb

Satıcı alıcı qıtlığından da gileyləndi: "Alıcılıq qabiliyyəti 70 faiz azalıb. Bu proses 3 ildən bəri başlayıb və get-gedə də artan templə davam edir. İndi lap pik həddə çatıb. Rublun dollara nisbətən məzənnəsinin düşməsi bizə də xeyli zərər vurdu. Dağıstan müştərilərimiz daha çox olurdu, indi onlar Moskvaya yönəliblər. Bizdə 1800 dollarlıq şubanı oradan 700-800 dollara alırlar. Azərbaycan əhalisi isə artıq dönüb bu mallara baxmır. Alan alıb, almayan da bizim kimi ucuz palto geyinir. Pullu adamlar isə heç "Sədərək"i tanımırlar, gedib birbaşa İtaliya, Yunanıstandan alırlar, ya da oradan sifariş edirlər. Bəziləri də şəhərin mərkəzində özünü elit sayan dükanlara üz tutur. Halbuki, buradakı geyimlərlə yalnız qiymət fərqi var, orada ikiqat bahadır".

Növbəti dükanda dublyonka satan da alıcı qıtlığından şikayətləndi. Qiymətlər 400 manatdan başlayırdı. 20-30 manat da endirim edirdilər. Dedi 70 faiz endirimlərin çoxu yalandır. Yaz qapıdadır, amma qiymətlər sezondakı kimi qalır. Satıcı isə yalan-düz dedi ki, həmin paltoları 600-650 manata satıb, indi vəziyyətə görə qiyməti endiriblər. Soruşdum, "vəziyyətə nə olub ki"? Cavab verdi: "Vəziyyətə nə olmayıb ki? Hər yerdə böhrandır. Camaat maaş ala bilmir, biri deyir olimpiadadır, o biri deyir Rusiya faktorudur, bizdə manatı zor gücünə saxlayırlar. Son ay yarım, iki ayda biz daha çox alıcı qıtlığı hiss etmişik. Keçənilki işin hazırda yalnız 30 faizi var, 70 faiz azalıb."

Başqa bir mağazada da dedilər ki, satışda ümumi azalma il boyu davam etsə də, 2 aydır tam böhrandadırlar. Əsas səbəbi də yenə rubldur. Dublyonkanın qiymət kağızında 1200 manat yazılmışdı, satıcı qiymətini 650 manat söylədi, onun sadəcə "üst qiymət" olduğunu dedi. 1430 manata olan paltonun qiyməti isə 850 manat imiş. Endirim qiymətini yazmamağının səbəbini izah eləmədi. Qanunvericiliklə, hər bir malın üzərində onun qiymət kağızı olmalıdır və həmin qiymət kağızında indiki ilə yanaşı əvvəlki qiyməti mütləq göstərilməlidir. Bununla siz istehlakçı olaraq bilirsiniz ki, deyilən 50, ya da 70 faiz endirim tətbiq olunub, ya olunmayıb. Amma mərkəzdə istehlakçı hüquqları pozulur. Qiymət kağızında ilkin qiymətlər yazılsa da, endirimli qiymətlər heç birində görmədik. Bəzilərində isə ümumiyyətlə qiymət yazılmamışdı, hər malı satıcıdan soruşmaq lazım gəlirdi.

"Mağazalarda sığortanı 100 faiz almaq üçün qiymətləri şişirdirlər"

Yenə dəri geyimləri mağazasında bir kürkün qiymətinə baxdım - 6800 manat. Satış qiymətini təxmin eləməyə çalışdım, "yəqin 1800 manat civarında olar". 300 manat yanılmışdım, satıcı Ceyhun 1500 manat olduğunu dedi. 5500 manatlıq kürkün real qiymətini soruşdum, 1900 manatmış: "Bu "broyler" deyil, vəhşi heyvanın dərisindəndir. "Broyler" heyvanları vitaminlə bəsləyirlər, heyvan tez böyüyür, onda onun xəzi aşağı keyfiyyətli olur. "Strijenıy", yəni qırxılmış dəri digərlərindən bahalı sayılır. Çünki onlar hazırlanandan sonra lazerlə xəz qırxılır. 1500 manata olan kürkü 1300-ə qədər endirmək olar. Nə qədər çox endirim eləsələr də, heç kim malını ziyana satmır. Dükanda ən bahalı şuba 4 min manatdır, bazarda isə ən bahalı şubalar 8-10 min manat civarındadır".

Qiymət fərqinin səbəbini bir də Ceyhundan soruşdum. Dedi, əvvəllər Çeçenistan, Dağıstandan gələnlərə görə belə qiymət yazılırdı, elə əsas alıcıları da onlar imiş. Rubl "ölən"dən sonra müştəriləri Rusiyaya üz tutub: "Bu millətlər əvvəl qiymətə baxırlar, deyəndə ki, 70 faiz endirim edirik, sevinirlər. Bizimkilərə isə baha satmaq olmur. Alıcı zəifləyib, bazarda hər kəsə böhranın təsiri var, tək paltar deyil, qab-qacaq satanın da işi getmir, 50-70 faiz geriləmə var. İstirahət günləri 4-5 ədəd, həftəarası isə tək-tük mal sata bilirik. Keçən il bundan iki-üç dəfə yaxşı idi, "sezon" vaxtı hətta gündə 15-ə qədər kürk satırdıq, istirahət günləri isə say 30-40-a çatırdı". İndi də sığortaya görə qiymət şişirdilmiş göstərilir. Sığortanın isə "fəlsəfəsi" belə imiş. Deməli, sığortaçı gəlib malların üstündəki qiymətləri yazır, ona uyğun sığorta haqqı hesablayır. Geriyə ödəniş ümumi malın dəyərinin 50 faizidir. Dükanlar isə belə yüksək qiymətlər qoyurlar ki, sabah bir hadisə baş verəndə dəyən zərəri 100 faiz geri ala bilsinlər. "Biz də belə yazmışıq ki, yüzdə yüz çıxarda bilək. Hər kəs belə edir. Dükanların sığorta ödənişi standartdır, aya 50 manat".

Bayırda iki satıcının öz aralarında "süni kürk alıblar, indi qaytarırlar", deyə söhbətini eşitdim. İki qadın dükanlara boylanır, alış-veriş etdikləri mağazanı axtarırdılar. Nəhayət tapdılar. Arxalarınca getdik. Aldığı kürkün üstündə bir neçə yerdən tükləri qopmuşdu. Dedi ki, bir həftə əvvəl alıb, amma satıcı israrla bunun bütün kürklərə xas olduğunu deyib pulu qaytarmadı. Bildirdi ki, 20 günə yenisi gətiriləcək, onu götürə bilər. Qadın da irad bildirdi: "Yayda geyinməyəcəm ki, mənim kürkə indi ehtiyacım var". Elə həmin mağazada bir dəri jiletin qiymət kağızında 2500 manat yazılsa da, satıcı xanım onu endirimlə 1000 manata verəcəyini dedi. Endirimin miqdarını söyləmədi. Mən də "belə baxanda 150 faiz endirim görünür" deyə sataşdım.

Daha bir dükanda 480 manatlıq babior kürkə baxmaq istədim, satıcılar məsləhət görmədilər, dedilər "su dəyən kimi xarab olacaq. Sizə isə yol polisi kimi onun üstündən yağışlıq geymək lazım deyil". Dublyonkaları məsləhət gördülər. 400 manat ən aşağı qiymət idi. Dedi, onlar 800 manat olub. Anar bizə o qədər tərif yağdırdı ki, pulum olsaydı bütün mağazanı satın alardım. Məni də həkimə oxşatmışdı, "doktor", deyə tutdurmuşdu. Bazar günü olduğundan 10 palto satmışdılar. Amma keçən il istirahət günləri bundan 2-3 dəfə artıq satırmışlar. Ara günləri satış 5-dən çox olmur."

Böyük, dəbdəbəli dükanda satıcı Seymurla söhbət maraqlı oldu. Bir kürkün qiymətini soruşdum. Dedi "başlanğıc qiymətini deyim, yoxsa son qiymətini?" Dedim əvvəlcə başlanğıcı deyin, sonra ticarət edərik. 2200 manata olan kürkü 1700 manata verəcəyini söylədi. Seymur dedi ki, dükandakı bütün mallar Çindən gətirilib. Soruşdum, bazarda Avropa malı ilə Çininkini necə fərqləndirim? Dedi "əziyyət çəkməyin, onsuz da bazarda İtaliya, Yunan kürkləri yoxdur, olduğunu iddia edənlər yalan söyləyirlər. Heç burdakı firmalarda satılanların adında dünyada brend yoxdur. Yarmarkada əsasən Çin mallarıdır. Dəri Amerika və Kanadadan alınır, tikiliş isə Pekinə aiddir. Çünki orada işçi qüvvəsi ucuzdur. Hazırda Yunanıstanda da böhrandır, heç orada mal tikilmir. Pekin malı pis deyil, sadəcə o adları ona görə deyirlər ki, baha satsınlar. Amma müştəriləri aldadan dükanlar cəzalarını da alırlar, milləti aldatdıqları üçün ayda bir dəfə gəlib onları tutur... sonra da buraxırlar. Bu, daha çox da reklamı gedən, iri firmalarda baş verir, mallarını İtaliya, Yunanıstan adıyla reklam edib ajiotaj yaradırlar. Biz isə "nakladnoy"da malın mənşəyinin Çin olduğunu yazırıq. Ona görə də bizdə işləri yoxdur. Heç reklama da ehtiyacımız yoxdur. Harada görmüsüz ki, kərə yağını reklam eləsinlər? Getməyən malları reklam edərlər".

2 il bundan qabaq internetlə Yunanıstanda kürklərin qiymətilə maraqlanmışdım, ortabab birinin elə orada qiyməti 10 min manat idi. Bunun yol xərci, gömrük rüsumu və s. məsrəfləri var. Odur ki, Bakıda "Greçeskiy", "İtalyanskiy" şubaların 1500-2000 manata satılması mənə də absurd görünür.

Dedim alıcılarınız yoxdur. Cavab verdi ki, pul "ölüb". Dedim, bizim pul ki, ölməyib". Dedi, ""ölüb" e, sadəcə xəbəri olan yoxdur, pulun heç bərəkəti qalmayıb. Hazırda nə qədər ixtisarlar gedir. Bizim də banklara 220 min manat borcumuz var, onu qaytarmaq üçün malların qiymətini endirmişik. Keçən il oktyabrdan yanvara kimi 900 mal, bu ilin cari dövründə 300 mal satmışıq, 3 dəfə az. Bizim əsas müştərilərimiz Rusiya tərəflərdən, Dağıstandan idi. Rusiyanın özündə istehsal olunan xəz kobud olur, bir də orada gömrükhaqqı bahadır. O yazıqlar bura mal almağa gələndə əyinlərinə geyinib gedirlər. Hazırda Pekində qiymət düşüb, rus ora da getmir. Alıcı qüvvəsi yoxdur, 1450 manatlıq malı mən keçən il 2000 manata satmışam. Dükanda ən bahalı kürk 7 min manatadır. Mağazada 700 mal var, ortalama 1500 manata vuranda 1 milyon edir. Artıq hər kəs mağazanı məcbur sığortalayır. 1 milyonluq mala illik 4 min manat civarında sığorta haqqı alırlar".