30 Oktyabr

Köhnə avtomobillərə görə bizi narahat etməyin - ARAŞDIRMA

Azərbaycanda könüllü sığortanın geniş yayılmamasının əsas günahkarlarından biri sığorta şirkətlərinin özüdür. Nə qədər qəribə görünsə də, ənənəvi olaraq könüllü sığorta müştərilərinin qıtlığından şikayətlənən sığorta şirkətlərinin özü bəzi müştərilərdən könüllü imtina edirlər. Söhbət avtomobillərin kasko sığortasından gedir. Sığortaçılar köhnə və ucuz avtomobilləri sığortalamaq istəmirlər.

Hər 10 avtomobildən yalnız 1-i sığortalanıb

Rəsmi məlumatlara görə, Azərbaycanda 1,3 milyondan çox avtomobil olsa da, onlardan heç də hamısı sığortalanmayıb. İcbari Sığorta Bürosunun məlumatına görə, 2014-cü ilin sonuna ölkədəki avtomobillərin təqribən 800 mini icbari sığortalanıb. Könüllü sığortalanan avtomobillərin sayı isə daha azdır. Maliyyə Nazirliyinin məlumatlarına görə, 2014-cü il ərzində avtomobillərin könüllü sığortası üzrə yığımlar 37,8 milyon manat təşkil edib. Avtomobillərin orta bazar qiymətini və bazarda orta sığorta tariflərini nəzərə aldıqda, ötən il könüllü sığortalanan avtomobillərin sayı 80-100 min arasındadır. Başqa sözlə, ölkədə sığortalanmaq imkanı olan hər 8-10 avtomobildən yalnız biri könüllü sığortalanıb. Adətən sığorta şirkətləri bunu əhalinin sığorta sahəsində məlumatlı olmaması, sığorta şirkətlərinə etibar etməməsi ilə izah etsələr də, fins.az-ın araşdırmaları göstərir ki, könüllü sığortalanan avtomobillərin az olmasında şirkətlərin də rolu var.

“2000-ci ildən əvvəlki maşınlara görə bizi narahat etməyin”

Məsələni araşdıran Fins.az əməkdaşı 1996-ci ildə istehsal olunmuş “Mersedes E-Class” markalı avtomobili könüllü sığorta (Kasko) etdirmək üçün sığorta şirkətlərinə müraciət edib. Amma sığorta şirkətlərinin əksəriyətində buna mənfi cavab verərək avtomobili sığortalamaqdan imtina ediblər. Araşdırmalar göstərib ki, Azərbaycanda kasko sığorta ilə məşğul olan 23 sığorta şirkətindən yalnız 5-i istehsal tarixindən asılı olmayaraq bütün avtomobilləri sığortalayır. Bunlar “Atasığorta”, “Alfasığorta”, “Buta sığorta”, “İpək Yolu sığorta” və “Azərqarant”dır.

Digər sığorta şirkətlərində isə avtomobilin ili ilə bağlı məhdudiyyətlər var. “Rəvan sığorta”, “Başak İnam” və “Paşa sığorta” yalnız 1990-cı ildən sonra istehsal olunmuş avtomobilləri sığortalayırlar. Digər sığorta şirkətlərində isə daha təzə avtomobillərlə işləməyə üstünlük verirlər - 1996-1998-1999-cu ildən sonra istehsal olunanlar. Sığorta şirkətlərinin yarıdan çoxu 2000-ci ildən əvvəl buraxılan avtomobilləri sığortalamaqdan yayınır. Bəzi sığorta şirkətləri, məsələn «Xaly sığorta» və «Günay sığorta» üçün isə bu müddət 2005-ci ildən başlayır. Yəni bu tarixdən əvvəlki maşınlar sığortalanmır.

Avtomobil kreditləri dayandıqdan sonra xroniki müştəri çatışmazlıından əziyyət çəkən sığorta şirkətlərinin bu yanaşması xususilə təəccüb doğurur. Amma sığortaçıların öz «arqumentləri» var.

Yaşın fərqi var imiş

XX əsrin maşınlarını sığortalamaqdan imtina edən şirkətlər buna iki səbəb göstərirlər. Birincisi, köhnə maşınların ehtiyat hissələri çətin tapılır və baha olur. Digər səbəb isə odur ki, 15-20 yaşı olan maşının texniki vəziyyəti yaxşı olmadığına görə, qəza ehtimalı, yəni sığorta riski də böyükdür. Araşdırma zamanı sığorta şirkətlərinin kasko mütəxəssislərinə sual verilib: «2008-ci ildə istehsal olunmuş, lakin texniki vəziyyəti son dərəcə pis, sürücüsü təcrübəsiz və məsuliyyətsiz olan, daha təhlükəli şəraitlərdə istismar olunan maşını sığortalamaq daha risklidir, yoxsa 1998-ci ildə istehsal olunmuş, lakin texniki vəziyyəti yaxşı olan, məsuliyyətli və təcrübəli sürücü tərəfindən təhlükəsiz şəraitdə istismar olunan maşını?» Demək olar ki, bütün şirkətlərdə cavablar eyni olub - «bizim üçün 1-ci variant daha yaxşıdır, əsas məsələ istehsal ilidir». Halbuki vəziyyət tam əksinədir - köhnə maşınlar daha geniş yayılıb və ehtiyat hissələri xeyli ucuz və asan tapılandır. Avtomobillərin qəza törətməsi ehtimalı isə onun istehsal ilindən daha çox, texniki vəziyyəti və sürücünün peşəkarlığından asılıdır.

“Köhnə maşınların xərc ehtimalı böyükdür”

“Bakı Sığorta” şirkətinin sədr müavini Ramin Məmmədov deyir ki, köhnə avtomobillər daha ucuz olduğuna görə, onun sığorta haqqı da təzə maşından xeyli aşağı olur: «Amma köhnə maşının texniki vəziyyəti yaxşı olmadığından qəza yaratmaq ehtimalı yüksəkdir». Ehyiyat hissələrə gəldikdə mütəxəssis deyir ki, köhnə maşınların ehtiyat hissələri ilə eyni modeldən olan təzə maşının ehtiyat hissələri etni qiymətədir: “Məsələn, “Mersedes” modellərinin ən azı 7 illik seriyası eyni detallarla buraxılır. Bu halda məsələn, 2000-ci ilin maşını, 2006-ci ilin maşınının eyni detalları eyni qiymətə olacaq. Halbuki, təzə model baha olduğu üçün sığorta haqqı yüksəkdir, köhnə model ucuz olduğundan sığorta haqqı aşağıdır. Bu halda şirkət fərqli sığorta haqqı müqabilində eyni xərci üzərinə götürmək istəmir”.

Bəzi sığorta şirkətləri köhnə avtomobillərin sığortasından imtinanı hesablamalarla əsaslandırırlar. Bu mənada “AXA Mbask” sığorta şirkətinin çəkdiyi misal maraq doğurur.

Misal:

Buraxılış ili 2010-cu il olan Mercedes markalı avtomobilin bazar dəyəri 20 000 AZN olduğu halda təxmini sığorta haqqı 550 AZN dir. Lakin buraxılış ili 1998-ci il olan həmin markalı avtomobilin bazar dəyəri 8 000 AZN və bu abtomobil üzrə sığorta haqqı 350 AZN təşkil edir. Sığorta hadisəsi baş verdiyi halda buraxılış ilindən asılı olmayaraq hər iki avtomobil üzrə ayrı–ayrılıqda xidmət haqqı 300 AZN təşkil edir. Sığorta hadisəsi baş verən zaman köhnə buraxılış ili olan avtomobil üzrə ehtiyat hissələri ucuz olmasına baxmayaraq, zərbə dəyən zaman köhnə avtomobilin zərər məbləği yeni buraxılış ili olan avtomobilin zərər məbləğinə nisbətən daha çox olur. Beləliklə sığorta hadisəsi baş verdiyi zaman köhnə avtomobilin ehtiyat hissələri daha tez və artıq miqdarda sıradan çıxır və təmir zamanı xidmət haqqı 2 dəfəyədək artır.

Buraxılış ili

Sığorta haqqı

Ehtiyat hissələrin sayı

Eht/hissələrin qiyməti

Xidmət haqqı

Ümumi ödəniş məbləği

1998

350 AZN

5

120*5=600 AZN

300*2=600 AZN

1 200 AZN

2009

550 AZN

2

400 AZN

300 AZN

700 AZN

Bu hesablamaları əsas tutan şirkət yalnız 1999-cu ildən sonra buraxılmış avtomobilləri sığortalayır.

Bəs belə avtomobilləri necə icbari sığortalayırlar?

Köhnə avtomobillərin sığortasının sərfəli olmadığı barədə deyilənləri qəbul etmək olardı, başqa göstərici olmasaydı. İcbari Sığorta Bürosunun keçən ilə olan məlumatına görə, ölkədə icbari sığortalanmış avtomaşınların sayı 880 268 təşkil edib. Bunlardan 496 533 min ədədi yaşı 15 ilədək, 383 715-i isə yaşı 15-dən yuxarı olan maşınlar təşkil edir. Göründüyü kimi, icbari sığortaya cəlb edilmiş maşınların az qala yarıya yaxını yaşı 15-dən yuxarı olanlar, yəni buraxılışı 2000-ci ildən əvvələ adi olanlardır və sığorta şirkətləri onları heç bir problemsiz sığoptalayırlar. Bu isə o deməkdir ki, hadisə baş verdikdə sığorta şirkətləri yeni avtomobillər kimi. Köhnələrini də təmir etdirir və onlara digər xidmətlər göstərirlər. Sığorta şirkətləri bu barədə susurlar.

“Köhnə maşınların sahibləri bizi aldadır …”

Köşnə avtomobillərin ehtiyat hissələrinin tapılmaması problemini aradan qaldırmaq üçün, araşdırma zamanı sığorta şirkətlərinə təklif edilib ki, hadisə baş verərsə, zərərin pulu müştəriyə nağd ödənsin və təmir məsələsini müşəri özü həll etsin. Amma sığorta şirkətlərində bu təkliflə də razılaşmayıblar.

Şirkətlərdə bildirirlər ki, sığorta ödənişi nəğd ödənildikdə problemlər yaranır. Avtomobil köhnə olduğuna görə, pulu alan müştəri avtomobilini tam təmir etdirmir, ya da ümumiyyətlə təmir etdirmir: «Bir müddət keçdikdən sonra isə digər hadisə olanda həmin müştərilər yenidən bizə müraciət edir və yeni hadisəyə dair ödənişdən əlavə, əvvəlki hadisdə təmir etdirmədiyi (lakin ödəniş aldığı) zədələnmiş hissələr üzrə də ödəniş tələb edir.

“Sığortalamaqdan imtina etmək qeyri-peşəkarlıqdır”

Maraqlıdır ki, sığorta şirkətləri köhnə avtomobilləri hətta baha qiymətə də sığortalamaq istəmirlər. Məsələn, “Xalq Sığorta” şirkəti köhnə avtomobili ikiqat artıq sığorta haqqı müqabilində sığortalamaqdan da imtina edib. Şirkətin əməkdaşı bu barədə təkliflə razılaşmayıb.

Əvəzində, “Buta Sığorta və Ata Sığorta” şirkətlərindən bildirildi ki, maşınların köhnə olmasını əsas gətirib onu sığortalamaqdan imtina etmək qeyri-peşəkarlıq olardı, çünki hər şey sığortalana bilər və hər riksin özünün dəyəri var: “Beynəlxalq təcrübəyə görə, sığorta olunmayacaq heç nə yoxdur. Hər riskin öz dəyəri var və ona görə də tariflər müəyyənləşməlidir. Ona görə də, hər hansı bir əmlakın, şəxsin sığortalamaqdan imtina etmək qeyri-peşəkarlıqdır».

Yüz minlərlə avtomobil sahibinin hüquqları pozulur

Beləliklə, aydın olur ki, çox böyük potensialı olan kasko sığorta bazarının yarısı sığorta şirkətləri tərəfindən bilərəkdən boş buraxılıb. Şirkətlərin bu böyük potensialdan niyə istifadə etmədiyi haqda suala cavabında ekspert bildirdi ki, zamanla bu məsələ həllini tapacaq: “Hələlik heç 2000-ci ildən sonrakı maşınların kasko sığorta potensilaından tam istifadə olunmayıb. Bu potensial istifadə edildikdən sonra çirkətlər yəqin ki məcbur olacaqlar daha əvvəlki illərdə istehsal olunmuş maşınları kasko sığorta edəcəklər”. Amma bu məsələnin bir tərəfidir. Digər tərf isə ondadır ki, yaşı 15 ildən artıq olan yüz minlərlə avtomobil kasko sığortadan məhrum olub və onlar hər an sığorta riski ilə üzləşmək ehtimalı ilə üz-üzədirlər. Bəzi mütəxəssislər bildirir ki, sığorta şirkətlərinin bu addımda məqsədi əhalini yeni avtomobil almağa məcbur etməkdir: «Bəzi sığorta şirkətləri avtomobil krediti verən partnyor banka malikdir. Belələri təzə avtomobilləri sığortalayırlar ki, əhali yeni maşınlara üz tutsun və yeni avtomobillər daha çox satılsın».

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov deyir ki, sığorta şirkətləri şirkətlər könüllü sığorta növləri üzrə öz şərtlərini qanunları pozmamaq şərtilə özləri müəyyən edirlər. M.İsrafilov bildirdi ki, sığorta şirkətləri yeni maşınları avtomatik sığortalayır, lakin bəzi şirkətlər riskləri qiymətləndirib köhnə maşınları sığortalamaqdan imtina edirsə, DSNX-nın onlara təzyiq üçün əsası yoxdur: «Bu məsələ Sığortaçılar Assosiasiyasında şirkətlərin iştirakı ilə müzakirə olunmalıdır».

“Bu istehlakçı hüquqlarının pozulmasıdır”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bu hal istehlakçı hüquqlarının pozulması halıdır: “Mövcud qanunvericilik istehlakçılar arasınsa ayri-seçkilik qoyulmasını qadağan edir. Bununla bağlı BMT-nin İstehlakçı hüquqlarının müdafiəsinə dair rəhbər prinsipləri var- bu sənədi Azərbaycan da imzalayıb. Ona görə də, şirkətlərin belə yanaşması tamamilə qanunsuzdur”.

Ekspert deyir ki, sığorta şirkətləri sığortalama məsələsində istehlakçılara fərq qoymalı deyil: “Bunu edirlərsə, qanunda dəyişiklik edib onların qarşısında bu tələb sərt şəkildə qoyulmalıdır. Belə halla qarşılaşan vətəndaşları bizə ya da məhkəməyə müraciət edə bilərlər”.

Sığorta şirkətlərinin Kasko sığorta üçün müəyyən etdikləri minimal istehsal ili:

Sığorta şirkətləri

Kasko sığorta üçün minimal istehsal ili

qeydlər

1

“Ata sığorta”

İlin fərqi yoxdur

2

“Alfa sığorta”

İlin fərqi yoxdur

3

“Buta sığorta”

İlin fərqi yoxdur

4

“İpək Yolu”

İlin fərqi yoxdur

5

“Azərqarant”

İlin fərqi yoxdur

6

“Rəvan sığorta”

1990-cı ildən

7

“Başak İnam sığorta”

1990-cı ildən

8

“Paşa sığorta”

1990-cı ildən

9

“A-Qroup sığorta”

1996-cı ildən

10

“Atəşgah sığorta”

1998-ci ildən

12

“AXA MBask”

1999-cu ildən

13

“Standard Insurance”

2000-ci ildən

14

“Qarant sığorta”

2000-ci ildən

15

“Azsığorta”

2000-ci ildən

16

“Azərsığorta”

2000-ci ildən

17

“Sənaye Sığorta”

2000-ci ildən

18

“Bakı sığorta”

2002-ci ildən

19

“Beynəlxalq sığorta”

2003-cü ildən

20

“Amrah sığorta”

2004-cü ildən

əla texniki vəziyyətdə 1997-ci ildən

21

“Meqa sığorta”

2004-cü ildən

22

“Günay sığorta”

2005-ci ildən

23

“Xalq sığorta”

2005-ci ildən