Azərbaycanda sığorta şirkətlərindən birinin müştərisi şirkəti ona rüşvət təklif etdikdə ittiham edir. Fins.az-ın məlumatına görə, hazırda Binəqədi rayon məhkəməsində araşdırılan sığorta mübahisəsinin tərəfləri bir-birlərini saxtakarlıqda və qanunları pozmaqda ittiham edirlər.
Söhbət “Buta sığorta” şirkətinin qəzaya uğrayan “Man” yük maşınına dəyən zərəri ödəməkdən imtina etməsindən gedir. Bu barədə fins.az-a "Mitra" hüquq şirkətindən bildirilib. Şirkətin direktoru Muxtar Şiriyev bildirib ki, “Qafqaz Lizinq” şirkətində lizinqlə verilmiş 90JZ403 nömrəli “Man” yük maşını “Buta sığorta”da sığortalanıb. Həmin avtomobil ötən il noyabr ayının 18-də Şəmkir rayonu ərazisində qəzaya uğrayıb. Sürücü Maksim Həsənov idarəetməni itirərək avtomobili aşırıb. Qəza nəticəsində yük maşınına 25 min manat ziyan dəyib. Hadisə barədə dərhal sığorta şirkətinə müraciət edilib və zəruri sənədlər təqdim edilib. Lakin “Buta Sığorta” ödənişdən imtina edib. Şirkət imtinanı müştərinin ona səhv məlumat verməsi ilə əsaslandırır.
Məsələ bundadır ki, qəza törədən sürücü hadisə barədə əvvəlcə maşının sahibinə xəbər verib və avtomobilin sahibi tezliklə hadisə yerinə gələcəyini bildirib. Amma sürücü onun qəzəbindən çəkinərək xəsarət aldığını və xəstəxanaya getdiyini bildirib. Öz növbəsində avtomobilin sahibi hadisə barədə dərhal sığorta şirkətinə xəbər verib, üstəlik, sürücünün də xəsarət aldığını bildirib. Hadisə yerinə sığorta şirkətinin nümayəndələri də gəlib, amma hadisə araşdırılanda sürücünün xəsarət almadığı məlum olub. «Buta sığorta» da bunu, yəni sürücünün hadisə barədə guya yalan məlumat verdiyini əsas gətirərək sığorta ödənişini verilməkdən imtina edib.
Hüquq şirkətinin direktoru Muxtar Şiriyev sığorta şirkətinin bu iddiasının əsassız olduğunu bilidirib. O qeyd edib ki, qanuna əsasən bu hal sığorta ödənişindən imtinaya səbəb ola bilməz: “Sığorta ödənişindən imtinanın əsasları “Nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”ının 21-ci maddəsində göstərilib və sığorta şirkətinin ödənişi verməmək üçün əsaslandırdığı səbəb bu maddədə qeyd edilməyib”.
Bundan əlavə, M.Şiriyev bildirir ki, sürücü avtomobilin sahibinə yalan məlumat versə də, əslində qəza zamanı hadisə yerindən yayınmayıb və DYP-yə məlumat verib. Cəmi 1,5 saat sonra isə sığorta şirkətini qəza ilə bağlı məlumatlandırıb. Sürücünün hadisə yerindən yayınmadığına sübut kimi onun Azərbaycan Rüspublikası İnzabati Xətalar Məcəlləsinin 151.3 maddəsi ilə deyil, 151.1. maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini misal göstərmək olar.
Sığorta şirkətinin yük maşınını digər şəxsin idarə etməsi ilə bağlı sübhələrinin əsassız olduğunu isə DYP-nin bu barədə verdiyi arayış sübut edir. Hadisənin səbəbləri dövlət orqanı tərəfindən tam araşdırılıb, hüquqi qiymət verilmişdir. Muxtar Şiriyev əlavə edib ki, sürücünün sərxoş olub-olmaması həm DYP, həm də sığortaçı tərəfindən yoxlanılıb.Sığorta hadisəsi barədə sığorta şirkətinə qəsdən heç bir yanlış məlumat verilməyib.
Sığorta şirkətindən sürücüyə rüşvət təklifi
M.Şiriyev əlavə edib ki, şəxsi toxunulmazlıq hüququ pozularaq qanuna zidd şəkildə sığorta şirkətinin əməkdaşları tərəfindən telefon danışıqları yazılıb və icazəsiz video çəkiliş aparılıb. Sığorta şirkətinə qarşı əsas ittihamlardan biri isə odur ki, sığorta əməkdaşı hadisə vaxtı avtomobili başqa şəxsin idarə etdiyini deməsi üçün sürücü Maksim Həsənova 2000-3000 manat məbləğində pul təklif edib.
Muxtar Şiriyev sığorta ödənişinin təmin edilməsi ilə bağlı artqı məhkəməyə müraciət olunuduğunu deyib: “Məhkəmədə avtomobilə dəymiş zərərlə bağlı 25 min manat, 1200 manat təxliyyə xərci, 500 manat məbləğ nümayəndənin göstərdiyi yardıma görə və 30 manat dövlət rüsumu olmaqla 26 730 manat ödənilməsinə tələb edəcəyik.
“Bizə böhtan atırlar, hər şeyi çəkmişik”
«Buta sığorta» şirkəti isə məsələ ilə bağlı ittihamlara cavab verib. Şirkətdən fins.az-a bildirilib ki, sığorta ödənişinə imtina edilməsinə əsas səbəb sürücünün hadisə yerini tərk etməsi, sığortalının sığorta şirkətinə qəsdən yanlış və ziddiyyətli məlumatların verilməsi və nəticədə sığortaçının hadisənin araşdırılmasından məhrum olunmasıdır.
«Mülki Məcəllənin 935.1.6 maddəsində bildirildiyi kimi sığorta predmeti, həmçinin sığorta olunan şəxs və ya sığorta hadisəsi barəsində sığorta şirkətinə qəsdən yanlış məlumat nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması imtinaya əsasdır».
«Niyyətləri düz olsaydı yanlış məlumat verməzdilər»
Sığorta şirkəti hesab edir ki, əgər müştərinin və yük maşınının sürücüsünün hadisə ilə bağlı əməlləri və niyyətləri düz olsaydı, sığorta şirkətinə hadisə haqqında qəsdən yanlış və ziddiyyət yaradan məlumatlar verməzdilər.
Sığorta şirkəti rüşvət ittihamına da cavab verib: “Buta sığorta”nın sığorta ödənişindən imtina edilməsi ilə bağlı bütün məlumatlar sübut olaraq video çəkilişlərdə var. Müştərinin əməkdaşımızın ona rüşvət təklif etməsi kimi fikirlər tamamilə yanlış və əsassızdır. Bu məlumat növbəti yanlış məlumatdır və böhtandır. Əgər müştərinin bu haqda sübutu varsa təqdim edə bilər. Biz bütün sübutlarımızı Maliyyə Nazirliyinə və Məhkəməyə təqdim etmişik və hal hazırda məhkəminin qərarını gözləyirik”.