30 Oktyabr

Azərbaycanda təhlükəsiz həyatın qiyməti - AYDA 243 MANAT

Azərbaycanda ailə büdcəsində ən az yer verilən xərclərdən də biri sığortadır. Baxmayaraq ki, sığorta bizi və əmlakımızı ən müxtəlif problemlərdən – qəza, yanğın, xəstəliklər və digər hallarda baş verən zərərlərdən qoruyur. Əhəmiyətinə baxmayaraq Azərbaycan vətəndaşlarının əksəriyyəti bu imkanı qiymətləndirmir. Bəziləri isə sığorta xərclərinin yüksək olduğunu güman edərək bu xidmətlərdən istifadə etməyə tələsmirlər. Fins.az bizi bütün əsas risklərdən qoruyacaq sığorta xərcləri barədə təsəvür yaratmaq üçün orta statistik azərbaycanlı ailəsinin (4 nəfərlik) illik sığorta xərclərini hesablayıb.

Biz nədən qorunmalıyıq

Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, Azərbaycanda bir ailənin əsas sığorta risklərini qarşılamaq üçün vacib olan sığorta növləri sırasında daşınmaz əmlakın icbari və könüllü sığortası, tibbi sığorta, fərdi qəza sığortası, səyahət sığortası , avtomobilin icbari və könüllü sığortasının olması vacibdir. Beləliklə, bir ailənin illik sığorta xərcləri….

Evin sığortası - 237 manat

Bakının daşınmaz əmlak bazarındakı qiymətləri nəzərə alsaq, 4 nəfərlik ailənin normal yaşaması üçün kifayət edən 3 otaqlı mənzilin orta qiyməti 100 min manatdan ucuz deyil. “Atasığorta” şirkətinin anderaytinq və təkrarsığorta departamentinin rəhbəri Nigar İbrahimova bildirir ki, Bakıda 100 min manatlıq evin sığorta xərcləri 237 manatdır. Bu məbləğin 50 manatı daşınmaz əmlakın icbari sığortasına (25 min manatlı təminatla), qalan 187 manat isə evin qiymətinin qalan 75 min manatı üçün təminatı və içindəki əşyaların sığorta xərclərini təşkil edir.

Avtomobilin sığortası - 475 manat

Paytaxt ailələri üçün ənənəvi olan, mühərrikinin həcmi 2 l, qiyməti isə 15 min manat təşkil edən avtomobilin sığortalanması 475 manata başa gəlir. Departament rəhbəri bildirib ki, bunun üçün avtomobilin icbari sığortası 75 manat, könüllü sığortası isə 400 manata başa gəlir. Beləliklə, 475 manat ödənilməklə avtomobilə dəyən, gözlənilməz qəza nəticəsində digər avtomobilə və ya şəxsə dəyən zərər təmin edilir.

Bütün ailəninin tibbi sığortası - 2000 manat

Sığorta şirkətləri tibbi sığorta məhsulunu korparativ müştərilər üçün nəzərdə tutduğu üçün fərdi tibbi sığorta məhsulu satışı daha azdır. Ancaq hər bir ailə həm də müxətlif xəstəliklərdən, gözlənilməz travmalardan da sığortalana bilərlər. “A Qroup” sığorta şirkətindən fins.az-a bildirilib ki, orta hesabla bir nəfərin tibbi sığorta xərcləri 500 manat təşkil edir. Bu məbləğin əvəzində sığorta şirkəti müştərini kiçik travmadan tutmuş cərrahiyyə əməliyyatına kimi bütün sığorta risklərindən 15 min manata kimi təmin edir. Ailənin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu zaman tibbi sığortaya 2000 manat xərclənməli olacaq, əvəzində 60 min manat təminatı alacaq. Bir şərti də nəzərə alaq ki, 1 yaşına kimi və 60 yaşından yuxarı vətəndaşlar risklər böyük olduğundan demək olar ki, tibbi sığorta edilmirlər.

Bədbəxt hadisələrdən sığorta - 80 manat

Sığorta şirkətləri insanları bədbəxt hadisələrdən də sığortalayırlar. Bu sığorta insan həlak olduqda işə düşür. Doğrudur, bu xidmət insanı geri qaytarmır, amma belə hallarda dəyən maddi zərəri qarşılamağa imkan verir. “Qala Həyat” sığorta şirkətinin biznesin inkişafı və yeni məhsullar departamentinin aparıcı mütəxəssisi Esmira Quliyeva 4 nəfərlik ailənin bədbəxt hadisələrdən sığortalanması üçün isə 80 manatın kifayət etdiyini deyib. Belə ki, ailənin hər üzvünə görə 20 manat ödənilməklə adambaşına 10 min manat və ya ümumilikdə 40 min manatlıq təminat əldə etmək olar.

Mülki məsuliyyətin sığortası - 100 manat

Vacib olan sığorta növlərindən biri də mülki məsuliyyətin sığortalanmasıdır. Məsələn, sizin evdə baş verən yanğın qonşu mənzilə də ziyan vura bilər. Doğrudur bu halda sizin evinizin sığortası evə dəyən zərəri ödəməyə imkan verəcək. Amma qonşunun evinə dəyən zərəri yanan evin sahibi özü ödəməli olacaq. Və yaxud yuxarı mərtəbədən sızan su aşağıdakı qonşunun mənzilini yararsız hala sala bilər və s. Mülki məsuliyyətin sığortası da məhz belə hal üçündür. Bu haldan sığortalanmaq 100 manata başa gəlir. Ev sahibi bununla qonşuya dəyə biləcək 10 min manata qədər məbləğdə zərəri sığorta etmiş olur.

Səyahət sığortası – 28 manat

Orta Azərbaycan ailəsi ildə bir dəfə xaricə qısamüddətli də olsa səyaət edir. Səyahət zamanı xarici ölkədə qarşılaşa biləcəyiniz gözlənilməz hallardan da sığortalanmaq olar. N.İbrahimova bildirib ki, 10 və 12 yaşlı iki uşaqlı ailənin bir həftəlik Avropa ölklərində səyahət sığortası 24 avro hesablanır. 28 manat sığorta haqqı ödəməklə 120 min manatlıq sığorta təminatı əldə edilmiş olur.

Həyatın yaşam sığortası - ayda 200 manat

Təhlükəsizlik öz yerində, amma gələcək planlar da önəmlidir. Gələcək üçün planlar quran ailələr həyatın yaşam sığortasından faydalana bilərlər. Ailədə iki nəfər çalışan şəxsin olduğunu nəzərə alsaq, onların hər biri ayda cəmi 100 manat ödəməklə 3 il ərzində kifayət qədər böyük məbləğ toplaya bilərlər. Məsələn, 30 yaşlı 500 manat əmək haqqı olan kişi müştəri 3 il hər ay 100 manat ödəməklə həyatını 4505 manat məbləğində sığortalaya bilər. Sığorta müddətində hadisə baş verdikdə dərhal, sığorta hadisəsi olmadıqda isə sonda 4505 manat müştəriyə geri ödənilir. Sığortalanan şəxs iki nəfər olduqda aylıq ödəniş 200 manat, sonra yığılan məbləği isə 9 min manatdan artıq olur. Bu isə artıq hər haqnsı problemin həllinə, məsələn iri alqı satqı etməyə, təhsil haqqı ödəməyə və s. imkan verir.

Bir ailənin illik sığorta xərci 2 920 manatdır

Sadalanlara əsasən Azərbaycanda orta hesabla bir ailənin illik sığorta xərci 2 920 manat təşkil edir. Əvəzində isə bir ailə demək olar ki, özünün bütün risklərdən sığortası üzrə 350 min manatlıq sığorta təminatı əldə etmiş olur. Bu isə o deməkdir ki, ayda 243 manat ödəməklə il ərzində özünüzün və ailənizin sağlamlığını, evinizi, avtomobilinizi və mülki məsuliyyətinizi və digər bütün risklərə təminat ala bilərsiniz.