30 Oktyabr

“Niyə artıq vergi ödəməliyəm?” – Sığorta agentlərinin dərdi

Azərbaycanda fəaliyyət göstərən sığorta agentlərindən biri fins.az-ın redaksiyasına şikayət xarakterli müraciət edib. Fəqan İsmayılov adlı, soyadlı agent Vergilər Nazirliyindən şikayətçidir. Sığorta agenti deyir ki, Nazirlikdən ona məktub göndərilib və bildirilib ki, sığorta agentlərinin vergini sadələşdirilmiş qaydada (dövriyyənin 4%-i) ödəməyə ixtiyarı yoxdur və onlar gəlir vergisi (gəlirin 20%-i) ödəməlidirlər. Əsas kimi isə Vergi Məcəlləsinin 218.2-ci maddəsi göstərilib: “Halbuki həmin maddədə söhbət sığorta təşkilatlarından, yəni hüquqi şəxslərdən gedir. Sığorta agenti isə fiziki şəxs olduğundan mənə qarşı belə bir qadağanın qoyulmasını başa düşmürəm” – deyə həmsöhbətimiz bildirir.

“Qanun deyir ki, 4%”

Şikayətçinin sözlərinə görə, Vergi Məcəlləsinin 219.5 və 219.6-cı maddələri də onun vergini sadələşdirilmiş qaydada ödəməli olduğunu göstərir: “Həmin maddələrdə yazılıb ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, yəni məsələn, sığorta agentləri gəlir vergisi və əlavə dəyər vergisi (ƏDV) ödəməli deyil. Belə çıxır ki, mən yalnız sadələşdirilmiş vergi ödəməliyəm. Digər tərəfdən mənim heç vaxt 12 ardıcıl ay üzrə ümumi dövriyyəm 120 min manatdan çox olmayıb. Bu da mənə imkan verir ki, vergisi 4%-lə ödəyim”.

“Əvvəl başqa söz deyirdilər”

Şikayətçi onu da deyir ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən onu işi sığorta məhsullarının satışında vasitəçilik etməkdir. Bu baxımdan onun və onun kimi agentlərin üzərinə 20%-lik vergi yükünün qoyulması düzgün deyil. Fəqan İsmayılovun sözlərinə görə, o, bu məsələ ilə bağlı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindəki (www.taxes.gov.az) “Sual-cavab” bölməsini nəzərdən keçirib və bir daha haqlı olduğuna əmin olub: “Həmin bölmədə vətəndaş Salahov Zahir Oqtay oğlunun və Musayev Fəzadi Əbdülrəhman oğlunun Vergilər Nazirliyinə sığorta agentlərinin bu məsələ ilə bağlı ünvanladığı suala cavab verilib. Nazirlik rəsmən bildirib ki, sığorta agentləri sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Yəni, əvvəl başqa söz deyirdilər. İndi isə bizdən tələb edirlər ki, gəlir vergisi ödəyək. Mən VÖEN alanda Vergilər Nazirliyi məni sadələşdirilmiş vergi ödəyicisi kimi dövlət qeydiyyatına alıb. Təxminən 3 illik fəaliyyətim boyu 4%-lə vergi ödəmişəm, bəyannaməni də ona uyğun təqdim etmişən. Heç vaxt mənə hansısa irad olmayıb və cərimələnməmişən. Əgər vergidən yayınsaydım, bunu elə o vaxtdan deyərdilər, cərimə tətbiq edərdilər, bütün təqdim etdiyim bəyannamələri üstümə geri qaytarardılar. O vaxtdan bəri bununla bağlı Vergi Məcəlləsinə heç bir dəyişiklik edilməsə də, indi Nazirlik bəyan edir ki, sığorta agentləri sığorta bazarının peşəkar iştirakçılarıdır və xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə məşğuldurlar, vergini də şirkətlərin ödədiyi qaydada verməlidirlər”.

Şikayətçi deyir ki, əgər ona qarşı bu qanunsuzluq davam etsə, Vergilər Nazirliyini məhkəməyə verəcək: “Bu addımı təkcə mən atmayacagam. Mən daxil olaraq, bu istiqamətdə fəaliyyət göstərən bütün sığorta agentləri Vergilər Nazirliyinin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün məhkəməyə müraciət edəcəklər”.

Hüquqşünas: “Vergilər Nazirliyi haqsızdır”

Məsələ ilə bağlı fins.az-a açıqlama verən hüquqşünas C.Məhərrəmov da bildirir ki, Vergilər Nazirliyinin sığorta agentlərindən 20% dərəcəsi ilə vergi tələb etməsi düzgün deyil. Onun sözlərinə görə,Vergi Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən ƏDV tutula bilməz. Həmin Məcəllənin 13.2.14.7-ci maddəsinə əsasən isə, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir. Beləliklə, bu maddələrə əsaslanaraq deyə bilərik ki, sığorta agentləri ƏDV ödəyicisi ola bilməzlər”.

“Sığorta agentinin sığorta təşkilatı kimi öhdəliyi yoxdur”

Hüquqşünas Vergi Məcəlləsinin 218.2-ci maddəsi də şərh edir. Onun sözlərinə görə, bu maddədə göstərilir ki, kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar sadələşdirilmiş vergi ödəməməlidir:

“Sığorta təşkilatı sığorta agenti demək deyil. Ümumiyyətlə bu anlayış Vergi Məcəlləsi və Sığorta fəaliyyəti haqqında qanunda müəyyən olunmasa da, Mülki Məcəllənin 312.2-ci maddəsində öz əskini tapıb. Həmin maddədə deyilir ki, əgər əşya sığortalanmışsa, şərait pisləşdikdən sonra sığorta təşkilatı sığortalıya sığorta məbləğini yalnız zərərin baş verməsi faktının ipoteka saxlayana bildirildiyi vaxt ödəyə bilər. Həmçinin “Sığorta fəaliyyəti haqqında”qanunun1.1.3-cü maddəsində deyilir ki, sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.

Yəni, sığorta təşkilatı dedikdə müştərilər qarşısında sığorta ödənişi vermək öhdəliyi olan hüquqi şəxs (sığorta şirkəti) nəzərdə tutulur. Sığorta agentinin isə bu növ öhdəliyi yoxdur və onun işi yalnız sığorta məhsullarının satışında vasitəçilik həyata keçirməkdir. Bu baxımdan onlardan gəlir vergisi ödəyicisi olmaları ilə bağlı tələb qoyulması hüquqi baxımdan düz deyil”.