30 Oktyabr

Regionların iqtisadi təhlükəsizliyinin təmin olunması istiqamətləri – MƏQALƏ

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən davamlı inkişaf etdirilməsi nəticəsində ölkəmiz demokratik inkişaf yolunda sürətlə irəliləməkdədir. Müstəqil dövlətimizin sosial-iqtisadi inkişaf siyasətinin əsasını təşkil edən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018-ci illər)” bütün əsas sahə və göstəricilər üzrə müvvəffəqiyyətlə yerinə yetirilir. Ölkəmiz bir çox makroiqtisadi göstəricilərin artım sürətinə görə dünyada liderlər sırasına daxil olmuşdur. Müasir regional siyasət və idarəetmənin əsas məqsədi ölkədə yeridilən sosial-iqtisadi inkişaf siyasətinin və idarəetmə sisteminin məqsəd və vəzifələrinin regional miqyasda həyata keçirilməsini təmin etməklə, ölkənin regionlarının sosial-iqtisadi inkişafında hər bir konkret dövrün tələblərinə uyğun səmərəliliyə və ədalətliliyə nail olmaqdır. (4, s.26)

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”-nın əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. (1, s.8)

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)”-nın uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdır. Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlamış tədbirlərin davam etdirilməsi zərurəti üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır. (2, s.17)

Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır. Ümumilikdə, ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9% təşkil etmişdir.

Dövlət proqramlarının həyata keçirildiyi 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri neft ixracı 4,7 dəfə artmışdır.
Azərbaycan iqtisadiyyatı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən, rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın “yuxarı orta gəlirli” və “yüksək inasn inkişaflı” ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı (“Fitch Ratings”, “Standart Poor’s”, “Moody’s”) Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur. (3, s.10)

Geridə qoyduğumuz 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır.
Bu müddət ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, müəssisələrin istehsal potensialı artırılmış, ölkə sənayesində 2,7 dəfə artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulunun payı 2003-cü ildə 56,8 faiz, hazırda isə 81,4 faiz təşkil edir. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. (3, s.11)

Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermişdir. Belə ki, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə ölkəmizdə sənayenin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur. Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahələrində məşğulluğunu artırmaq istiqamətində görülən tədbirlər, xüsusilə, Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parklarının, Yüksək Texnologiyalar Parkının və s. yaradılması mühüm əhəmiyyət kəsb edir. (2, s.15)

Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentlikləri tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur.

Yerli istehsal sahələrinin yenidən qurulması, eləcə də, aqrar islahatların uğurla həyata keçirilməsi bir sıra yerli qida məhsullarının istehsalının artmasına və həmin məhsulların idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılğımızı azaltmışdır. Ölkənin sahibkarlıq sektorunun inkişaf göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticəsinin əyani təsdiqidir.

Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşmış, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə hər iki regional İnkişaf Proqramlarının icrası dövründə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə ümumilikdə 19,1 min sahibkarlıq subyektinə 1,2 milyard manat güzəştli kredit verilmiş, nəticədə 110 min yeni iş yeri yaradılmışdır.

Ötən müddət ərzində ölkənin müxtəlif bölgələrində müntəzəm olaraq təşkil edilmiş biznes forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir.

Yaradılmış İcazələr Elektron İnformasiya Portalı sahibkarları bu sahədə ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlayanlara və öz fəaliyyətini genişləndirmək istəyənlərə tələb olunan icazə xarakterli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

İqtisadiyyatın sürətlə inkişafı və respublikamızın dünya miqyasında nüfuzunun yüksəlməsi ölkəyə gələn əcnəbilərin sayının ildən-ilə artmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilmişdir.

Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına və əhalinin istirahətinin yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaratmışdır. Son 10 ildə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmişdir. Qeyd edək ki, bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.

Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində son bir neçə ildə nəqliyyatın hərəkət heyəti yenilənmiş, körpülərin tikilmiş, yeni avtomobil yollarının çəkilişi və yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir. Nəqliyyat sektorunda strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmiş, ümumilikdə təsərrüfatın bu sahəsində 2,5 dəfə artıma nail olunmuşdur.

Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkəmizdə sosial-iqtisadi inkişafın mühüm göstəricilərinin daha da yaxşılaşması istiqamətində müstəsna əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkəmizin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.

Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafında 8,2 dəfə artıma nail olunmuşdur. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən, mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılmışdır. Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində regionlarda 1400-dək ATS, 1000-ə yaxın poçt binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi olmuşdur. 2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş və fevral ayının 8-də ölkəmizin ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır. (3, s.12)

İnsanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, əhalinin təmiz suya və havaya olan ehtiyaclarını təmin etmək məqsədilə respublikamızda son bir neçə il ərzində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu, Eldar şamı, Korçay dövlət təbiət qoruqları, eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına Zəngəzur, Hirkan, Altıağac, və Samur-Yalama milli parkları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmışdır. Bu dövrdə yaşıllıqların salınması sahəsində 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Bakı şəhərinin Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintoduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 130 baş ceyran tarixi ərazilərə buraxılmışdır.

Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində 10 ildə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası tikilmiş, 10 min km-dən çox elektrikverilişi xətləri və 1500-dən çox yarımstansiya tikilmiş və ya yenidən qurulmuş, təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində isə 40 min kilometrədək qaz xətləri çəkilmiş və ya təmir edilmiş, yaşayış evlərinin qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatmışdır.
10 il ərzində əhalinin su təminatının yaxşılaşdırılması üçün yeni su və kanalizasiya xətləri çəkilmiş, yeni su anbarları istifadəyə verilmiş, əhəmiyyətli meliorasiya tədbirləri həyata keçirilmişdir. Bu dövrdə regionlarda 3,4 min kilometrdən çox su, 1,2 kilometrdən çox kanalizasiya xətti çəkilmiş, 96 su anbarı tikilmişdir.

Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuşdur. Fondun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır.

10 ildə təhsil infrastrukturunun inkişafı sahəsində 2708 məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilmişdir.

Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə 2007-ci ildən başlayaraq hər il yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılır ki, hazırda pensiyaların minimum məbləği 20 manatdan 100 manata çatdırılmışdır. Son 10 ildə bütün çadır düşərgələri ləğv olunmuş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmış, 37 min ailə - 166 min məcburi köçkün mənzillə təmin edilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən, regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir. (3, s.13)

Respublikamızın davamlı iqtisadi inkişafı üçün bütün həyata keçirilən tədbirlərin davamı olaraq uzaqgörən Prezident İlham Əliyev 2014-cü il 27 fevral tarixində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nı təsdiq edən 118 nömrəli Fərmanı imzalamışdır. 27 fevral 2015-ci il tarixində Cənab Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın birinci ilinin yekunlarına dair konfrans keçirilmişdir.

Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Bəzi rəqəmləri qeyd etmək lazımdır: 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə qədər enmişdir. Ölkədə yoxsulluq 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür.

Sosial sahəyə gəldikdə, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır. Əgər 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu göstərici 565 dollardır, orta aylıq pensiya 24 dollardan hazırda 221 dollara qalxmışdır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır.

Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də daim qayğı ilə yanaşılmışdır. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat vəsait ayrılmışdır.

Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Məhz bu səbəbdən də elektrik enerjisi ilə təchizatın təmin edilməsi vacib məsələlərdən biri idi. Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyət hesab olunur. Eyni zamanda, 2018-ci ildə, yəni üçüncü Dövlət Proqramının sonunda kəndlərdə qazlaşdırmanın 90-95% olması qarşıya məqsəd qoyulmuşdur.

Son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilmişdir. Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə Azərbaycanın təşəbbüsü ilə başlamışdır, hal-hazırda tikintisi başa çatmaqdadır. Bölgələrdə 6 aeroport tikilmişdir, onlardan 4-ü beynəlxalq aeroportdur. Bunlardan əlavə, infrastruktur məsələləri arasında içməli su probleminin həlli məsələsi, əlbəttə ki, prioritet xarakter daşıyır. Belə ki, son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Respublikanın bütün şəhərlərində Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli suyun 24 saat təmin edilməsi əsas hədəfdir və artıq bir neçə şəhərdə bu layihələr başa çatmışdır. Oğuz-Qəbələ-Bakı su kəməri tikilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsait su kəmərinin tikintisinə qoyulmuşdur. Hazırda Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə isə bu göstərici cəmi 29 faiz təşkil edirdi.

Bu illər ərzində həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi layihələri - regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihələrdir. Bu layihələr son 9 il ərzində icra edilmişdir. Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri 2006-cı ildə istifadəyə verilmiş və dəhliz yaradılmışdır. Dəhliz hazırda da xidmət göstərməkdədir. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi. Konfransa Prezident İlham Əliyev vaxtilə şəxsən NABUCCO layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etdiyini qeyd etdi. (5)

Konfransda artıq uzun illərdir ki, makroiqtisadi vəziyyətin diqqət mərkəzində olduğu qeyd olunmuşdur. Dövlət Proqramının həyata keçirildiyi ilk ildə Respublikanın makroiqtisadi göstəriciləri də çox müsbət olmuşdur. 2014-cü ildə inflyasiya cəmi 1,4 faiz olmuş, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektoru isə 7 faiz artmışdır. 2014-cü il “Sənaye ili” elan olunmuşdur. Sənayeyə-xammal, resurs bazası, geniş ixrac imkanları olduğuna görə xüsusilə metallurgiya sahəsinə böyük məbləğlərdə investisiya yatırımları həyata keçirilmişdir. Bakı, Sumqayıt və Gəncənin böyük sənaye mərkəzləri olduğu və Mingəçevir şəhərinin də sənaye şəhərinə çevrilməsi sahəsində addımlar atıldığı vurğulanmışdır. Eyni zamanda, Respublikanın sənaye sektorunun bu cür inkişafı özümüzü tikinti materialları ilə təmin etməyə imkan yaradır. Beləliklə, əsas tikinti materiallarının istehsalı üzrə son məlumatda göstərilir ki, respublikamızda sementin istehlakı 4,4 milyon ton, istehsalı isə 3 milyon ton təşkil edir. Lakin ölkə üzrə sement istehsaletmə gücü 5,2 milyon tondur. Yəni, gələn il, bəlkə də bu il biz artıq özümüzü sementlə tam şəkildə təmin edə, hətta sement zavodları məhsullarını ixrac edə biləcəyik. Digər tikinti materialları üzrə ölkədəki mövcud vəziyyəti nəzərdən keçirək.

Bentonit – daxili istehlak - 8 min ton, daxili istehsal - 85 min ton, ixrac - 72 min ton, istehsal gücü - 250 min ton, yəni, 100 faizdən çox; gips –istehlak - 58 min ton, istehsal - 193 min ton, istehsal gücü - 3 yüz min ton, yəni, üç dəfə çox; beton bloklar, borular – istehlak - 100 min ton, istehsal - 100 min ton, istehsal gücü - 300 min ton, yəni 100 faizdən çox; alçipan, yəni, karton gips – istehlak 12 milyon kubmetr, istehsal - 11 milyon, istehsal gücü - 16 milyon, 100 faizdən çox; polietilen borular – istehlak - 22 min ton, istehsal - 18 min ton, istehsal gücü - 300 min tondan çox (artıq ixrac da edilir); mərmər və qranit – daxili istehlak - 83 min ton, istehsal - 62 min ton, ixrac - 30 ton, potensial - 100 min tondan çox; əhəng – istehlak - 20 min ton, daxili istehsal - 14 min ton, istehsal gücü - 40 min tondan çox (bu da 100 faizdən çoxdur); elektrik kabelləri - istehlak - 10 min ton, istehsal - 5 min ton, istehsal gücü - 40 min tondan çox; poladdan uzun yayma məhsullar – istehlak - 335 min ton, daxili istehsal - 235 min ton, istehsal gücü - 500 min ton; metal konstruksiyalar - daxili istehsal - 114 min ton, istehsal gücü - 200 min tondan çox, yəni 100 faizdən çox; seramik plitələr - istehlak - 8 milyon kubmetr, potensial - 4 milyon kubmetrə bərabərdir.

Göstəricilərə əsasən qeyd etmək olar ki, biz, ölkə olaraq, özümüzü əsas tikinti materialları ilə təmin etmişik və ona görə də ixrac edirik. Gələcəkdə bu sahəyə qoyulan investisiyalar statistikanı da nəzərə almalıdır.
Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Bu amil nəzərə alınaraq 2015-ci il respublikamızda “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Kənd təsərrüfatının və ya təsərrüfatın aqrar sektorunun inkişaf etdirilməsində əsas məqsəd ölkə əhalisinin ərzaq məhsullarına, sənayenin xammala olan təlabatını ödəməkdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi isə hər bir ölkə üçün böyük əhəmiyyət kəsb edən məsələdir: İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, səmərəli aqrar sahə formalaşdırmadan ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək qeyri-mümkündür. Bu ölkənin ərzaq təhlükəsizliyinə ciddi anlamda zərbə vurmaqla ölkənin digər dövlətlərdən ərzaq asılılığının güclənməsinə səbəb ola bilər.

Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin statistik əksi belədir: Özümüzü təminetmə səviyyəsinə görə: mal əti - 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, yumurta - 100 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, üzüm - 98 faiz, kartof - 90 faiz, bostan məhsulları - 100 faiz, meyvə və giləmeyvə - 120 faiz, tərəvəz - 103 faiz, duz - 87 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar - 170 faiz təşkil edir. Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, makaron məmulatları - 58 faizdir. Konfransda qeyd olunan pozisiyaların 100 faizə çatdırılmasının, kənd təsərrüfatında müasir texnika və texnologiyanın tətbiqinin, toxum fondunun yaradılmasının, istifadəsiz qalmış əkinə yaralı torpaqların taleyinin həll olunmasının, habelə torpaqların elektron uçotunun həyata keçirilməsinin əhəmiyyəti Prezident tərəfindən xüsusi vurğulandı.

Fikirlərimizi kofransda Prezident İlham Əliyevin söylədiyi sözlər ilə yekunlandırmaq istəyirik: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. “ – (6)

Bayat-Budaqi Fidan, Yunuslu Raidə, Bəşirzadə Nərmin
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsi,
İqtisadiyyatın tənzimlənməsi ixtisasının 1-ci kurs,
3301-ci qrup magistrları

Xülasə

Məqalədə ölkənin regionlarının sosial-iqtisadi inkişaf strategiyası, gəlirlərdən səmərəli istifadə olunması ilə regional tarazlığın və beləliklə, regional təhlükəsizliyin təmin olunması istiqamətləri verilmiş, Azərbaycanda bu sahədə aparılan nümunəvi tədbirlər açıqlanmış, faktlar rəqəmlərlə verilmişdir. Regionların iqtisadi təhlükəsizliyinin bütün ölkə üçün artan sürətli iqtisadi inkişaf olduğu göstərilmişdir.
Açar sözlər: Regional sosial-iqtisadi inkişaf, regionların inkişafı, Dövlət Proqramları, qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, regional iqtisadi göstəricilər.

Summary

The article is about the country’s socio-economic development strategy for regions, providing regional economic balance and security by efficient use of revenues, the Azerbaijan’s model in this field and there are given relevant economic facts. The economic security for all regions of the country is a rapid economic development.
Keywords: Regional socio-economic development, regional development, State Programs, the non-oil sector, industry, agriculture, regional economic indicatots.

Резюме

Статья о стратегии социально-экономического развития регионов страны, обеспечение регионального экономического баланса и экономической безопасности путем эффективного использования доходов, о модели Азербайджана в этой области, а также, в статьи представлены соответствующие экономические факты.Экономическая безопасность для всех регионов страны стремительно развивается.
Ключевые слова: Региональное социально-экономического развитие, развитие регионов, Государственные программы, ненефтяной сектор, промышленность, сельское хозяйство, региональные экономические показатели.

Ədəbiyyat.

1. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər): Tammətnli elektron materiallar məcmuəsi- Bakı 2007- 204 s.
2. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər): Tammətnli elektron nəşr -Bakı 2010- 354 s.
3. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər): Tammətnli elektron nəşr – Bakı 2014 – 188 s.
4. Nuriyev Ə.X. “Regional siyasət və idarəetmənin əsasları”- Bakı, “Elm” 2007 - 510 səh.
5. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyevin giriş nitqi - http://www.president.az/articles/14301
6. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyevin yekun nitqi - http://www.president.az/articles/14302