30 Oktyabr

İlk və son mərtəbələrdəki mənzillərin sığortası niyə bahadır?

Sığorta şirkətləri yaşayış binalarının birinci və sonuncu mərtəbəsindəki mənzilləri sığortalayarkən ehtiyatlı davranırlar. Buna səbəb ilk və son mənzillər üzrə riskin böyük olmasıdır. Fins.az-ın məlumatına görə, şirkətlər bu məsələdə xarici təcrübəni əsas gətirirlər.

“Evin damından girib oğurluq edə bilərlər”

Sığorta sahəsi üzrə eksperti Xəyal Məmmədxanlı fins.az-a bildirib ki, bir sıra Avropa ölkələrində, o cümlədən İtaliyada ilk və son mərtəbələrdən oğurluq ehtimalı nəzərə alınaraq müştərilərdən sığorta haqqı bir qədər çox alınır. Məsələ ondadır ki, birinci mərtəbədəki mənzilə eyvandan, sonuncu mərtəbədəki mənzilə isə damdan girmək və oğurluq etmək mümkündür. Bu da istər-istəməz riski artırır.
Azərbaycanda daşınmaz əmlakın icbari sığortasında oğurluq riski olmasa da, könüllü sığortanı həyata keçirən sığorta şirkətləri bu məsələdə ehtiyatlı olmağa çalışırlar. Bu baxımdan köhnə binalar, o cümlədən “Xruşşovkalar” daha riskli hesab olunur.

“Yağış suları evə dola bilər”

İlk və son mərtəbənin riskli olması həm də mənzilin yağış, sel-daşqın təhlükəsinə məruz qalma ehtimalı ilə bağlıdır. Bır sıra ölkələrdə, o cümlədən Türkiyədə bu məsələ sığorta haqqına təsir edən amillərdən biridir. Azərbaycanda da sığorta şirkətləri təbii fəlakət amilini nəzərə alırlar.
“Qarant Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta departamentinin rəhbəri Leyla Abdinova fins.az-a bildirib ki, əsasən “xuruşovka” tipli 5 mərtəbəli binalarda və məcburi köçkünlərin yerləşdikləri köhnə yaşayış obyektlərində belə risklər daha çoxdur. Bəzi mənzillərdə dam örtüyünün olmaması, leysan nəticəsində 5-ci mərtəbədəki evə yağış sularının sızması ehtimalını artırır. Bundan əlavə, su çənlərinin adətən mənzillərin ban hissəsində yerləşdiyini nəzərə alsaq, bu da əlavə risk yaradır. Ancaq yeni tikilmiş hündür mərtəbəli binalarda yaşayış üçün olan evlər 3-cü mərtəbədən başladığına görə belə risklər yoxdur.

“50-70 manat baha başa gəlir”

Sığorta şirkətləri ilk və son mərtəbələrdəki mənzilləri sığorta edərkən ya azadolma məbləğini 400-500 manata qədər artırır, ya da sığorta haqqını 50-70 manat çox alırlar. Leyla Abdinovanın sözlərinə görə, adi halda 100 min manatlıq evin könüllü sığortası 180 manata başa gəlirsə, yüksək riskli ev üçün sığorta haqqı 230 manat ola bilər.
Xəyal Məmmədxanlı isə fərqin daha böyük olduğunu deyir. Belə ki, sadalanan hallar üzrə risk əmsalı 0,25%-dən hesablanır. Bu isə birinci və sonuncu mərtəbədə yerləşən 100 min manatlıq evin sığorta haqqının 250 manat olması deməkdir. Yəni digər evlərlə müqayisədə belə evlərin sığorta haqqı 70 manat baha hesablanır.
Risklər çox yüksək olduqda sığorta şirkətləri belə evləri sığortalamaqdan imtina edirlər.

“Açarın surətini çıxaran ustalar evdən oğurluq etmişdilər”

Bununla belə, Azərbaycanda 1-ci və sonuncu mərtəbədə yerləşən evlərdən oğurluq halları çox azdır. “Alfa Sığorta” şirkətinin İddiaların tənzimlənməsi departamentinin rəhbəri Feyruz Novruzov deyir ki, indiyə qədər oğurluq halları ilə qarşılaşıb, amma bu, mərtəbə amili ilə bağlı olmayıb. Belə ki, mənzilin açarının surətini çıxaran ustalar evdən oğurluq edib. Subasma halları ilə bağlı isə ildə cəmi 2-3 sığorta hadisəsi baş verir. Bu zaman evə dəyən zərər 1000 manatdan yüksək olmur.