QARABAĞ

19 İyul

Ağdərə, Xocavənd və Xocalı rayonlarında tullantı poliqonları yaradılıb

Antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması istiqamətində tədbirlər davam etdirilib. Xocavənd rayonu ərazisində 10 , Xocalı rayonunda 20, Ağdərə rayonunda isə sahəsi 10 hektar olan poliqon əraziləri yaradılıb.

Fins.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən növbəti iclasında deyib.

S.Zeyniyev bildirib ki, məişət tullantılarının toplanması üçün Xankəndi şəhərində 64, Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində 23, Xocalı şəhərində 12 konteyner yerləşdirilib.

Qeyd edək ki, Ağdam şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, mövcud mineral xammal yataqları və istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, bu ərazilərin biomüxtəlifliyinin tədqiqi, bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan təkrar emal fəaliyyətinin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə tətbiqi, eyni zamanda bu rayonların meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilir.