Siyasət

18 İyul

Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA müşahidə missiyasının koordinatoru təyin edilib

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının spikeri Valentina Matviyenkonun Sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

Fins.az Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda MDB PA-nın üzvü olan dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleya rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır. 

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin monitorinqində iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Kaira Agayeva 

Fins.az