MARKETİNQ

18 Avqust

Bakı ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Bakı şəhəri ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək. Bu tədbir, Azərbaycanın noyabrda COP29 konfransına ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda həyata keçirilir. Bakı İqlim Fəaliyyəti Həftəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində cəmiyyəti maarifləndirmək və səfərbər etmək məqsədini güdür.

Bu barədə Finss.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Həftə, 30 sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək və yüksək səviyyəli beynəlxalq konfransların, eləcə də yerli və icma yönümlü tədbirlərin təşkilini əhatə edəcək. Bu tədbir iqlim dəyişmələri ilə mübarizə sahəsində Bakı və Azərbaycanın fəaliyyətlərini ön plana çıxaracaq.

COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi, həm şəhərlər, həm də özəl sektor tərəfindən iqlim həllərinin inkişaf etdirilməsi və beynəlxalq diplomatiyanın dəstəklənməsi məsələlərini müzakirə edəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu il Bakı İqlim Fəaliyyəti Həftəsinin təşkil olunması şəhərin qlobal konfranslara ev sahibliyi ənənəsinin davamı olacaq. Tədbir Bakı şəhərinin mədəni irsini və inkişaf edən yaşıl texnologiyaları vurğulamaq məqsədini güdür.

Tədbir çərçivəsində “Enerji keçidi”, “Şəhərlər”, “Su təhlükəsizliyi”, “Qida və Kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar” kimi mövzulara diqqət yetiriləcək. Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramı və ətraflı məlumat www.bakuclimateactionweek.az veb-saytında təqdim ediləcək.