Finss.az - OpenAI süni intellekt sahəsində yeni bir dövr açan Operator adlı ilk real İA (İntellektual Agent) modelini təqdim etdi. Operator veb səhifələrdə insan kimi hərəkət edə bilir – o, saytların API-lərindən istifadə etmədən, vizual analiz və klaviatura-siçan əmrləri vasitəsilə tapşırıqları icra edir.
Bu innovativ agent, ChatGPT-ə bənzər bir interfeysə malikdir, burada istifadəçi əmrləri mətn şəklində daxil edir və Operator onları real vaxtda icra edir. Tapşırıqlar yalnız lokal mühitdə deyil, bulud əsaslı virtual maşınlar üzərində yerinə yetirilir ki, bu da istifadənin rahatlığını artırır.
Operator nələri bacarır?
- Axtarış sistemlərində müstəqil axtarış aparmaq
- Onlayn alış-veriş etmək və səbətə məhsul əlavə etmək
- Rezervasiyalar etmək və onların vaxtını dəyişmək
- Saytlarda qeydiyyatdan keçmək və giriş məlumatlarını doldurmaq
- Bir neçə Operator sessiyasını eyni anda açaraq paralel tapşırıqları icra etmək
Operator istifadəçinin icazəsi olmadan heç bir təsdiq tələb edən əməliyyatı icra etmir. Məsələn, alış-veriş zamanı proses dayandırılır və istifadəçidən təsdiq istənilir. Əgər agent gözlənilməz problemlə qarşılaşarsa, məsələn, SMS kodu tələb olunarsa və ya sayt işləməzsə, Operator istifadəçidən kömək istəyir.
Operator hansı texnologiya üzərində qurulub?
OpenAI-nin yeni Compute Using Agent (CUA) sistemi, ChatGPT-4o modelinin internetdə insan kimi gəzə bilməsi üçün xüsusi olaraq hazırlanıb. Bu texnologiya veb səhifələrin mənbə kodunu deyil, yalnız vizual məlumatları oxuyur, bu da ona real istifadəçi kimi hərəkət etmək imkanı verir.
Operator hazırda yalnız ABŞ-da istifadəyə açıqdır. Pro abunəçiləri artıq bu yenilikdən faydalana bilərlər, yaxın aylarda isə Plus abunəçiləri də ona giriş əldə edəcək. OpenAI gələcəkdə Operator üçün API çıxarmağı və onu digər layihələrə inteqrasiya etməyi planlaşdırır.
Bu yenilik OpenAI-nin süni intellekt sahəsindəki iddialı hədəflərinin bir hissəsidir. Şirkət Operator-dan sonra yeni İA agentlərini təqdim etməyə hazırlaşır. Bu agentlərin yalnız bulud əsaslı işləyəcəyi, yoxsa fərdi cihazlar üçün versiyalarının da mövcud olacağı hələ ki, məlum deyil.