Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalı davam edir. Növbəti belə bir festival Daşkəsən rayonu Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilib.
Festivalda ətraf rayonlardan olan fermerlər də iştirak ediblər.
Finss.az nazirlikdən daxil olan məlumata istinadən xəbər verir ki, Festivalda tədbirə qatılmış dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimə dost texnika və texnologiyalar və onlardan istifadə qaydaları barədə məlumat veriblər. Müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda həmçinin alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları sərgilənib.
Festival çərçivəsində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.
Həmçinin festival çərçivəsində fermerlərə aqrar sahənin prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən “Bitki xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə üsulları mövzusunda” təlim keçirilib.
Qeyd edək ki, Aqrar Biznes Festivalı sahibkarlarla fermerləri bir araya gətirən, maarifləndirmə prosesinə mühüm töhfə verən platformadır. Festival çərçivəsində aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirilib, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim edilib.