Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yem məhsulları və yem əlavələri idxal və istehsal edən sahibkarlarla görüş olub.
Fins.az xəbər verir ki, tədbir respublikamıza yem məhsulları və yem əlavələrinin idxalı və istehsalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə bildirilib ki, qanunvericiliyə əsasən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə yem məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən, o cümlədən tərkibində yem əlavələri və insan istehlakı üçün nəzərdə tutulmayan heyvan mənşəli sub məhsullar olan yem məhsulları və yem əlavələri istehsal edən müəssisələr təsdiq olunmalıdır. Həmçinin Azərbaycan ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və yem əlavələri həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq qeydiyyata alınır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən məhsulların qeydiyyatı prosesi Agentlik tərəfindən həyata keçirilir.
Görüş zamanı bir daha qeyd edilib ki, AQTA tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan yem əlavələri və yem məhsullarının ölkədə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda qanunvericiliklə dövlət qeydiyyatına alınmamış yem əlavələri və yem məhsullarının istehsalı, emalı və dövriyyəsinin ölkə ərazisində qadağan olduğu nəzərə çatdırılıb.
Görüşdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.