Üzüm yığımı ilə əlaqədar Cəlilabad DAİM-in (Dövlət Aqrar İnkişaf Mərkəzi) məsul işçisi Hafiz Kərimovla "Rizvan" MMC-nin bağlarına gedirik. Burada şirkətin məsul işçisi Əhmədağa Məmmədovla görüşüb üzüm bağının bir tərəfində, yaşıl ağacların kölgəsi altında qurulmuş çardaqda başlamaqda olan məhsul yığımı barədə söhbət edirik. H.Kərimov deyir:
- Builki yay fəslindən baş çıxarmaq olmur. Gah gün çıxır, gah göyün üzünə bulud gəlir, gah da şimşək çaxır, leysan yağışlar yağır. Buna görə çiyələk, noxud sahələrinin məhsuldarlığı əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Eyni zamanda havaların qeyri-sabitliyi taxıl biçinini də müəyyən qədər ləngitdi.
Üzümçü Ə.Məmmədov söhbətə qoşularaq:
- Bunları üzümə aid etmək olmaz. Maşallah olsun, bol məhsul hasilə gəlib. Artıq iki gündür yığıma başlamışıq. Siz özünüz yaxşı bilirsiniz, məhsul öz-özünə başa gəlmir. Onun üçün gərgin işləmək, nəzərdə tutulan aqrotexniki tədbirləri vaxtında yerinə yetirmək lazımdır. Biz də bu sahədə əlimizdən gələni etməyə çalışmışıq. Cərgələrarası şum, quru budama, qış suvarması, dəmir-beton dirəklərin və məftillərin təmiri, bağlama, bitki aralarının əl ilə bellənməsi, yaz becərmələri, dib pöhrələrinin vurulması, 1-ci və 2-ci yaşıl bağlama, xəstəlik və ziyanvericilərə qarşı müalicə, habelə mübarizə tədbirlərinin aparılması, nəhayət, məhsul yığımı. Bunlar məhsul yığımına gətirib çıxaran tədbirlərin ardıcıl şəkildə olan kiçik siyahısıdır. Allaha şükürlər olsun ki, sağ-salamatlıqla sonuncu mərhələyə - məhsul yığımına gəlib çıxmışıq. Bağların ümumi mənzərəsi onu deməyə əsas verir ki, çəkdiyimiz zəhmət hədər getməyib. Belə bir məsəl də var: "Malın mal olunca bazarın bazar olsun!" İndi iş qalır üzümün satılmasına.
Söhbətin bu yerində xarici markalı bir minik maşını onların oturduğu çardağa yaxınlaşaraq dayanır. İki nəfər maşından düşür. "Rizvan" MMC-nin məsul işçisi Əhmədağa oturduğu yerdən durub gələnləri qarşılamaq üçün onlara tərəf gedir. Salamlaşıb hal-əhval tuturlar. Görünür, bir-birilərini çoxdan tanıyırlar. Gələnlərdən biri:
- Əhmədağa dayı, - deyir, - üzümün vəziyyəti necədir, ondan bizə verəcəksən?
Əhmədağa kişi cavabında:
- Bu nə sözdür?! Hər il necə olubsa, inşaallah, bu dəfə də elə olacaq, - deyə bildirir.
Onlar bir tərəfə çəkilib sövdələşirlər. Alıcılardan biri maşına oturanda deyir:
- Sağlıq olsun, iki gün ötsün, üçüncü gün səhər saat 11-də yanındayıq. Yəqin tara cəhətdən çətinliyiniz-filanınız yoxdur.
- Narahat olmayın, hər şey qaydasındadır.
Bu dəfə mən ondan yetişdirdikləri üzüm sortları barədə məlumat verməsini xahiş edirəm.
- Bu barədə yaxşı olar ki, o cavan oğlan məlumat versin. Adı Nemətdir. Özü də aparıcı mütəxəssisimizdir, ali təhsilli aqronomdur. 2020-ci ildə Rusiya Federasiyasının Ulyanovsk Kənd Təsərrüfatı Universitetini bitirib. Oğlumdur, Allah bütün övladları qorusun.
Gənc mütəxəssis Nemət Məmmədovun verdiyi ətraflı məlumatdan aydın olur ki, "Rizvan" şirkətinin 30 hektar üzüm bağı var. Bundan 26 hektarı məhsuldardır, qalan 4 hektarı isə təzə salınıb. Onlar da 3-cü ilə keçəndə bara düşəcəklər. Əkilən sortlara gəldikdə isə, demək olar ki, hamısı xarici ölkələrdən gətirilən sortlardır. Sonra müsahibim ani olaraq fikirləşib deyir:
- Yadımdan çıxmamış onu da bildirim ki, yeni saldığımız 4 hektarda İtaliyadan gətirdiyimiz çəhrayı rəngli üzüm sortunun tinglərini əkmişik. Bağımızdakı digər sortlar bunlardır: "Artika" (qara kişmişi), "Belek" (ağ kişmişi), "Sentennial", "Red-Klob", "Prima", "Ora", "Viktoriya". Bu süfrə üzüm sortları Cəlilabad şəraitinə yaxşı uyğunlaşmışdır. Eşitmişəm ki, 10-15 il bundan əvvəl buraya gələn fransız mütəxəssislər bizdə üzümçülük üçün çox yaxşı şəraitin, yəni bol günəşin, münbit torpağın, bir də üzümçülükdən başı çıxan zəhmətkeş insanların olduğunu bildirmişlər. Bütün bunların nəticəsi olaraq adları çəkilən üzüm sortları Fransanın özündə 5-6 ilə bara düşdüyü halda, bizdə 3-cü il məhsul verməyə başlayır.
Daha bir xarici markalı maşın üzüm bağının ortası ilə uzanan yolla bizə tərəf gəlir. Əhmədağa kişi irəli yeriyib onları qarşılayır. Söhbət edib ayrılırlar. Ə.Məmmədov:
- Deyəsən, ayağınız yüngüldür. Köhnə tanışlardandır, üzüm sifariş verməyə gəliblər, - deyir. Cibindən dəftərçəsini çıxarıb qeyd aparır. Sonra üzünü oğlu Nemətə tutaraq:
- Sən də bir yerə qeyd elə. Həftənin şənbə günü mal aparmağa gələcəklər.
Cəlilabadda üzümçülüyün keçmiş şöhrətini qaytarmaq üçün tədbirlər görülür. Belə ki, bağların sayı və hektarı ildən-ilə artırılır. Düzdür, onilliklər boyu qurulan, yaradılan qədəri tez bir zamanda bərpa etmək, yoluna qoymaq o qədər də asan məsələ deyil, ancaq yerli sahibkarlar arasında bu işi canlandırmağa təşəbbüs göstərənlər getdikcə artır. Hazırda rayonda 1410 hektar üzüm bağı var. Ondan 1375 hektarı intensiv, yəni bar verəndir.
Dediyimiz kimi, üzümçülərin aylardan bəri gözlədikləri vaxt gəlib çatmışdır. Seçmə yolu ilə dərilən mirvari dənəli ağ, qara üzümlər qablaşdırılaraq daxili bazarla yanaşı, Rusiya Federasiyasının müxtəlif şəhərlərinin bazarlarına da yola salınır.
"Azərbaycan"