İDMAN

21 Avqust

"Qarabağ"ın məğlubiyyəti Azərbaycanın UEFA REYTİNQİNƏ təsir etmədi

UEFA reytinqində ölkələrin mövqelərində dəyişikliklər baş verib. Bu dəyişikliklərə avrokubokların pley-off mərhələsinin ilk gününün nəticələri səbəb olub.

Finss.az xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasında baş tutan oyunlardan sonra bir neçə ölkənin xal hesabı yenilənib, lakin bu, Azərbaycanın mövqeyinə təsir göstərməyib.

Xüsusilə, "Qarabağ" klubunun Zaqrebdə "Dinamo"ya qarşı keçirdiyi oyunda 0:3 hesabı ilə məğlubiyyəti Azərbaycanın xal hesabında dəyişiklik yaratmayıb. Hazırda Azərbaycanın ümumi xalı 18,875 olaraq qalır və ölkəmiz UEFA reytinqində 26-cı pillədədir.

Cari mövsümdə Azərbaycanın qazancı 2,125 xal təşkil edir. Bu mövsüm UEFA reytinqi üçün "Zirə" 1,000, "Qarabağ" 0,750, "Sabah" 0,250, "Sumqayıt" isə 0,125 xal əldə edib.

Qeyd edək ki, hazırda reytinq cədvəlinə 89,160 xal ilə İngiltərə başçılıq edir.

Fuad Mədətov
Finss.az