İDMAN

08 Avqust

Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib - Paris-2024

Azərbaycan, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pilləyə yüksəlib. Bu uğur taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş medal qazanması sayəsində mümkün olub.

Finss.az xəbər verir ki, hazırda Azərbaycan komandasının aktivində iki qızıl və bir gümüş medal var. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olaraq qızıl medallar əldə ediblər.

Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalını təmin edib. Lakin mübarizəsini davam etdirdiyi üçün onun medalı hələlik cədvəldə göstərilməyib.

Medal sıralamasında Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci və qardaş ölkə Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci yerdə qərarlaşıblar.

İlk üçlükdə isə ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş, 11 bürünc) yer alıblar.

Ümumilikdə, hələlik 80 ölkə olimpiya mükafatı qazanıb.

Qeyd edək ki, Paris-2024 Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.