İDMAN

06 Avqust

Azərbaycan triatlonçusu: Təhlükəsizliyimizlə maraqlansaydılar, Sena çayında yarış planlaşdırmazdılar

"Beynəlxalq Triatlon İttifaqı təhlükəsizliyimizlə həqiqətən maraqlansaydı, Sena çayında yarış planlaşdırmazdılar."

Bunu Finss.az-a açıqlamasında Paris-2024-də mübarizə aparan Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışların keçirilməsi ərəfəsində Sena çayında yaranan problemlərlə bağlı açıqlamasında deyib.

İdmançı Sena çayı ilə bağlı problemlərin bütün idmançılarda stress yaratdığını bildirib:

“Parisdə yağan leysan yağışlarla birlikdə bütün pis şeylərin Sena çayına axması səbəbindən start ərəfəsində iki məşqimiz ləğv edildi. Triatlonçular yarış başlamazdan əvvəl suyun normal vəziyyətə düşəcəyini gözləyirdilər. Lakin yarış günü səhər saat 4-də öyrəndik ki, başlama vaxtı növbəti günə təxirə salınıb. Onların hadisə ilə bağlı 8 ssenarisi var idi və biz, sadəcə, başlamağı gözləyirdik. Fikrim odur ki, ilk növbədə yarışı Sena çayında keçirməyə ehtiyac yox idi. Xüsusilə də bir il əvvəl nümayiş xarakterli yarışlar zamanı üzgüçülüyün ləğvi ilə bağlı presedent artıq var idi və təşkilatçılar müxtəlif ssenarilər düşünməyə başlamışdılar. Onlar yarışı Parisin ən gözəl yerlərindən birində keçirməyə çalışırdılar, lakin təəssüf ki, idmançıların fikirlərinə əhəmiyyət verən olmadı. Yarışların təxirə salınması, məsafə ilə bağlı qeyri-müəyyənlik, triatlon, yoxsa duatlon olacaq - bunlar bütün idmançılarda böyük stress yaratmışdı”.

37 yaşlı triatlonçu qusmalarla bağlı vəziyyətin nədən qaynaqlandığını izah edib:

“Finiş xəttində qusma müşahidə olunan idmançılara gəlincə, bu, onların bəzilərinin həddindən artıq yüklənməyə və istiliyə qarşı olduqca tipik reaksiyasıdır. Bildiyimə görə, Belçikadan olan bir qız idmançı zəhərlənmə səbəbindən 4 gün xəstəxanada qalıb”.

R.Pevtsov səhhəti ilə bağlı son durumu da nəzərə çatdırıb:

“Startdan sonra özümü yaxşı hiss etdim, ikinci dövrədə velosipedin təkərinin deşilməsi səbəbindən yüksək yerlər uğrunda bütün şansların itirilməsi məni əsəbiləşdirdi. Amma bu Senadakı pis su ilə əlaqəli deyil. Hazırda bir az xəstəyəm, amma bunda pis suyun “günahkar” olduğunu düşünmürəm”.

Qeyd edək ki, R.Pevtsov iştirak etdiyi yarışda ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə başa vurmaqla 43-cü olub.

Kaira Ağayeva

Finss.az