Keçən yaydan "Real Madrid"ə transfer olunduqdan sonra zədələrlə mübarizə aparan və hələ də İspaniya komandasında oynamaq şansı olmayan Arda Gülər 2023-cü ili acı dadla bağlayır.
Fins.az xəbər verir ki, komanda yoldaşları Milad tətilində olarkən Arda tək başına işləməyə davam edir. Gənc istedadın qayıdış tarixi hələ dəqiq olmasa da, onun yanvarın 10-da Səudiyyə Ərəbistanında “Atletiko Madrid”lə keçiriləcək İspaniya Superkuboku matçı üçün heyətdə ola biləcəyi bildirilir.
Milad tətilindən sonra komanda ilə məşqlərə başlaması gözlənilən Arda Gülərin yanvarın 3-də La Liqada "Malyorka" ilə matçda iştirak etmə ehtimalı "tələsik qərar" kimi şərh olunur.
İspaniya Kral Kuboku matçlarının mövsümün ikinci yarısında başlaması Arda Gülər üçün fürsət kimi qiymətləndirilir. “Real Madrid” yanvarın 6-da kubokun son 32 turunda İspaniyanın 4-cü liqa komandası “Arandina”nı qəbul edəcək. Komandadakı gənc istedadların, o cümlədən Ardanın da bu görüşdə meydana çıxa bilməsi mümkün hesab edilir.
Günel Məlikzadə
Fins.az