Elm

16 Yanvar

Yapon alimləri Azərbaycanda kəllə-sima dəyişkənliyini araşdırır

Finss.az - Yaponiyanın Sapporo Tibb Universiteti Tibb Elmləri Məktəbinin anatomiya professoru Hirofumi Matsumura, "Kəllə-sima dəyişkənliyinin əsasında insanın anatomik məskunlaşma formasını anlamaq üçün ikitəbəqəli model rekonstruksiyası" layihəsi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Fondunda olub.

Bu beynəlxalq layihənin əsas məqsədi iqlimə uyğunlaşma nəticəsində insanın kəllə-sima quruluşunun dəyişmə dinamikasını tədqiq etməkdir. Layihə, ovçu-yığıcıların və daha sonra əkinçi-maldarların yeni ərazilərə yayılması və qarşılıqlı təsirlərinin öyrənilməsini hədəfləyir.

İnstitutda müxtəlif dövrlərə aid insan kəllə sümükləri toplanaraq Traseoloji və eksperimental arxeoloji laboratoriyada bərpa işləri və 3D geometrik-morfometrik çəkilişlər aparılıb. Yaponiyalı mütəxəssis Hirofumi Matsumura, Hacettepe Universitetinin Antropoloji bölməsinin rəhbəri professor Yılmaz Selim Erdal tərəfindən müşayət edilib. Tədqiqatda AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları da iştirak ediblər.