Finss.az - Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru Fərhad Quliyev, Yaponiyanın Sapporo Tibb Universitetinin professoru Hirofumi Matsumura və Türkiyənin Hacettepe Universitetinin Antropologiya bölümünün rəhbəri Yılmaz Selim Erdal ilə görüşüb.
Görüşdə BDU-da müştərək laboratoriyanın yaradılması, arxeologiya sahəsində tədqiqatların genişləndirilməsi, Qarabağda birgə arxeoloji tədqiqatlar və tələbələrin çöl ekspedisiyalarının genişləndirilməsi müzakirə edilib. BDU-da sümük nümunələrinin genetik DNT analizinə başlanılması, qədim insanların genetik irsinin öyrənilməsi və Azərbaycanın tarixi irsinin tədqiqi planlaşdırılır.
Yeni laboratoriya beynəlxalq standartlara uyğun tədqiqatlara, DNT və tam genom analizlərinə imkan verəcək. Bu tədqiqatlar qədim miqrasiyalar, genetik xəstəliklər və mədəni əlaqələr barədə yeni məlumatlar əldə etməyə şərait yaradacaq. BDU bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyi və nəticələri qlobal elmi ictimaiyyətlə paylaşmağı hədəfləyir.