DÜNYA

27 Yanvar

Estoniya: NATO-nun 5% müdafiə xərcləri real plan deyil

Finss.az - Estoniyanın maliyyə naziri Yurgen Ligi NATO ölkələrində müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması ilə bağlı əsassız bəyanatlardan çəkinməyə çağırıb.

Nazir bildirib ki, Donald Trampın prezidentliyə başlamasından sonra bəzi ölkələr müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq niyyətini açıqlasalar da, bu istiqamətdə real planlar mövcud deyil. “Bu cür bəyanatlardan qaçmaq lazımdır, çünki hazırda heç bir ölkənin belə bir artımı həyata keçirmək üçün konkret strategiyası yoxdur,” – deyə o, jurnalistlərə açıqlamasında vurğulayıb.

Liginin sözlərinə görə, son günlərdə Estoniyadan əlavə, onun qonşu ölkələri də müdafiə xərclərinin artırılması məsələsini gündəmə gətiriblər. “Bu, sadəcə sözlərdən ibarətdir, real addımlar hələ atılmayıb. Ümumiyyətlə, heç kimin müdafiə xərclərinin 5%-lik artımı ilə bağlı planı yoxdur. Mən bütün NATO ölkələrini daha ölçülü-biçili qərarlar verməyə çağırıram,” – deyə nazir bildirib.

Eyni zamanda, Ligi Estoniyanın ABŞ-ın qlobal siyasətdəki dəyişikliklərini diqqətlə izlədiyini və ölkəsinin müdafiə xərclərini artırmaq ehtiyacını ciddi qəbul etdiyini qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in ən azı 5%-nə qaldırmasını tələb edəcəyini açıqlamışdı. O, bu çağırışı Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində videobağlantı vasitəsilə çıxışında səsləndirib. Hazırda NATO üzvləri müdafiə sahəsinə ÜDM-in minimum 2%-ni ayırmağa çalışırlar.