Finss.az - BMT-nin analitikləri Dünya İqtisadi Vəziyyəti və Perspektivləri 2025 (WESP 2025) hesabatında 2025-ci ildə qlobal iqtisadi artımın 2024-cü ildəki artım tempinə bənzər, 2.8% təşkil edəcəyini proqnozlaşdırırlar.
2026-cı ildə qlobal ÜDM artımının 2.9%-ə qədər sürətlənəcəyi proqnoz olunur.
"Qlobal iqtisadiyyat dayanıqlılıq nümayiş etdirərək, bir-birini gücləndirən bir sıra şoklara tab gətirsə də, zəif investisiyalar, məhsuldarlığın zəif artım tempi və yüksək borc yükləri səbəbindən artım pandemiyadan əvvəlki orta göstəricidən, 3.2%-dən aşağı olaraq qalır".
Bir çox ölkələrdə inflyasiyanın zəifləməsi və monetar yumşaldılmanın davam etməsi bu il qlobal iqtisadiyyatın cüzi bərpasını dəstəkləyə bilər. Bununla belə, bir çox ölkələrdə geosiyasi münaqişələrdən yaranan risklər, artan ticarət gərginliyi və borclanma xərcləri səbəbindən qeyri-müəyyənlik yüksək olaraq qalır.
BMT-nin baş katibi Antonio Quteerreş hesabatın önsözündə belə deyib: “Bir-biri ilə əlaqəli iqtisadiyyatımızda dünyanın bir hissəsində baş verən sarsıntılar qiymətləri yüksəldir. Əldə edilmiş inkişafa əsaslanaraq, 2025-ci ilin dünyanı hamı üçün firavan, davamlı gələcəyə aparacağımız il olmasını təmin etmək üçün birlikdə çalışaq”.
BMT-nin hesablamalarına görə, ABŞ iqtisadiyyatı 2025-ci ildə 1.9%, növbəti il isə 2.1% artacaq. Böyük Britaniya üçün proqnozlar müvafiq olaraq 1.2% və 1.4%, Yaponiya üçün isə 1% və 1.2% təşkil edir. Yaxın iki ildə Avropa İttifaqında ÜDM artımının 1.3% və 1.5%, Avrozona ölkələrində isə 1.1% və 1.3% olacağı ehtimal olunur.
Çinin ÜDM-in bu il 4.8% və gələn il isə 4.5%, Braziliyanın müvafiq olaraq 2.3% və 1.9%, Hindistanda 6.6% və 6.7% artacağı proqnozlaşdırılır.
Həmçinin, BMT dünya ticarətinin 2025-ci ildə 3.2%, gələn il isə 3.5% artacağını proqnozlaşdırır. 2024-cü ildə isə göstərici 3.4% təşkil edib.