NATO-nun şərq cinahını təşkil edən 14 üzv ölkənin ümumi müdafiə xərcləri Rusiya-Ukrayna müharibəsindən sonra xeyli artıb.
Finss.az xəbər verir ki, 2024-cü ildə bu göstərici 70 milyard dollara çatıb. Həmin göstəriciyə görə lider olan Polşa bu il müdafiə xərclərini ölkənin ümumdaxili məhsulunun 4,12 faizinə çatdırıb. Sonrakı yerləri Estoniya (ÜDM-in 3,45 faizi), Latviya (ÜDM-in 3,15 faizi), Yunanıstan (ÜDM-in 3,08 faizi) və Litva (ÜDM-in 2,85 faizi) tutur.
Qeyd edək ki, 2000-ci illərin əvvəlindən ABŞ Şimali Atlantika Alyansının Avropa ölkələrini müdafiə xərclərini artırmağa və yeni hərbi texnika almağa çağırır. 2014-cü ildə NATO sammitinin qərarı ilə növbəti on il ərzində bütün Qərb bloku ölkələri üçün müdafiə xərclərinin ÜDM-in 2 faizinə çatdırılması qərara alınıb. 2014-2024-cü illərdə NATO-nun baş katibi vəzifəsində çalışan Yens Stoltenberq cari ilin oktyabrında 32 alyans ölkəsindən yalnız 23-nün bu vəzifənin öhdəsindən gəldiyini bildirib.
Oktyabr ayında NATO-nun yeni Baş katibi Mark Rütte Brüsseldə keçirdiyi mətbuat konfransında üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 2 faizi həcmində artırmasının artıq alyansın məqsədlərinə çatmaq üçün yetərli olmadığını deyib.
Kaira Agayeva
Finss.az