DÜNYA

09 Oktyabr

Almaniya bu il Kiyevə əlavə olaraq 400 milyon avroluq dəstək göstərəcək

Bundestaq Kiyevə dəstək üçün 400 milyon avro ayrılmasını təsdiqləyib.

Finss.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin Kiyevə yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun rəhbəri, general-mayor Kristian Freydinq bu barədə RND redaksiya birliyinə müsahibəsində deyib.

“Biz 2024-cü ildə Kiyevə əlavə olaraq 400 milyon avro yardımın ayrılması üçün Bundestaqın razılığını aldıq. Bu, bizə ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək”, - deyə Kristian Freydinq bildirib.

O, eyni zamanda ABŞ hakimiyyətinin Ukraynaya yardım üçün əlavə 8 milyard avro ayıracağı barədə vədini xatırladaraq bunun yorğunluq deyil, daha çox qətiyyət əlaməti olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da DPA agentliyi Maliyyə Nazirliyinin Bundestaqın Büdcə Komitəsinə ünvanladığı məktuba istinadla Almaniya hökumətinin Kiyevə hərbi yardım göstərmək üçün yaxın vaxtlarda əlavə olaraq 397 milyon avro ayırmaq niyyətində olduğunu yazmışdı.

Almaniya ABŞ-dan sonra Ukrayna üçün ikinci ən böyük silah tədarükçüsüdür.

Kaira Agayeva 
Finss.az