DÜNYA

12 Sentyabr

Körfəz ölkələri Çinlə daha sıx əməkdaşlıq edəcək

Sentyabrın 11-də Ər-Riyadda keçirilən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə Çin arasında danışıqlarda qarşılıqlı maraq doğuran bir sıra mövzular, xüsusilə Körfəz ölkələri ilə Pekinin azad ticari əlaqələrində əldə olunan son nəticələr, eləcə də əməkdaşlığın daha da genişləndirilməsi yolları müzakirə edilib. 

Finss.az xəbər verir ki, danışıqlara Çinin Baş naziri Li Çian və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Mohammed əl-Budeyvi həmsədrlik ediblər.

Görüşdə regionda baş verən son hadisələrlə yanaşı, bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Çinin Baş naziri bildirib ki, Pekin İsrail-HƏMAS münaqişəsində atəşkəsə nail olmaq üçün birgə səyləri, o cümlədən BMT qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir.

Tərəflər qeyd ediblər ki, 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanında keçirilmiş ilk Körfəz-Çin Zirvə görüşündən sonra Körfəz-Çin münasibətləri sürətlə inkişaf edir. 

Müzakirələr zamanı iki tərəf arasında əməkdaşlığın genişləndirilməsinin, 2023-2027-ci illər üçün Birgə Fəaliyyət Planının həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. KƏŞ-in Baş katibi bildirib ki, Çinlə azad ticari əlaqələr Körfəz ölkələrinin ümumi maraqlarına uyğundur. 

Çinin Baş naziri Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi Mohammed bin Salman ilə də görüşüb. SPA agentliyi xəbər verir ki, danışıqlarda iki ölkə arasında enerji sektorunda əməkdaşlıq, o cümlədən bərpaolunan energetika mənbələrinə sərmayələr, ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Kaira Agayeva 

Finss.az