DÜNYA

11 Sentyabr

"Trump Media" kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında dünən keçirilən debatdan sonra "Trump Media Technology Group" (TMTG) kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb. 

Finss.az xəbər verir ki, Reuters agentliyinin şərhinə görə, Trampa məxsus şirkətin qiymətli kağızlarının dəyərinin aşağı düşməsinin səbəbi seçicilər arasında Harrisə dəstək səviyyəsinin artması olub. Eyni zamanda, buna məşhur müğənni Teylor Sviftin seçkilərdə vitse-prezident Harrisi dəstəkləmək qərarı da təsir edib. Analitiklərin fikrincə, Sviftin dəstəyi Harrisin daha çox qadın və gənci öz tərəfinə çəkməsinə kömək göstərib.

Tramp və Harris arasında teledebat sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində baş tutub. "ABC News" tərəfindən təşkil edilən görüş ABŞ-ın əsas telekanalları tərəfindən canlı yayımlanıb. CNN telekanalının apardığı sorğunun nəticələrinə görə, Harris seçicilərin problemlərini daha yaxşı başa düşdüyü üçün debatda üstün tərəf olub. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Kaira Agayeva 

Finss.az