DÜNYA

11 Sentyabr

Almaniyada kimya zavodunda güclü yanğın baş verib

Almaniyada kükürd və sink məhsulları istehsal edən Grillo-Werke AG kimya zavodunda yanğın baş verib. Bild-in əməliyyat xidmətlərindəki mənbələrinin məlumatına görə, bir nəfər xəsarət alıb. Yanğının söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Səlahiyyətlilər ətraf ərazilərdə yaşayan sakinləri zəhərli tüstünün yayılma təhlükəsi səbəbindən pəncərələrini bağlamağa çağırıb.

Finss.az xəbər verir ki, sink və kükürd məhsullarının istehsalı üzrə ixtisaslaşan Grillo kimya zavodu Almaniyanın Duysburq şəhərinin Hamborn rayonunda yerləşir. Şirkətin mətbuat xidmətindən Bild-ə bildiriblər ki, yanğın 16:20 (Moskva vaxtı ilə 17:20) radələrində başlayıb. Nəşr hadisə şahidinə istinadən yazır ki, təxminən 10 dəqiqə sonra iki güclü partlayış eşidilib.

“Hazırda tənəffüs orqanlarını mühafizə vasitələri ilə genişmiqyaslı yanğınsöndürmə əməliyyatı aparılır. Hazırda əməliyyatın sonu gözlənilmir”, - “Bild” əməliyyat xidmətlərindəki həmsöhbətindən sitat gətirir.

Duysburq administrasiyasının nümayəndəsi Falko Firlus bildirib ki, yanğın zavodun istehsalat zallarından birini əhatə edib. Eyni zamanda o, sulfat turşusu olan çənin yerləşdiyi otaqda avtomatik yanğınsöndürmənin işə salındığını vurğulayıb.

Kaira Agayeva

Finss.az