DÜNYA

21 Avqust

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın yeni gizli nüvə strategiyası ilə bağlı məlumatlardan narahatdır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq, Birləşmiş Ştatların dünyada nüvə təhlükəsi ilə bağlı ən böyük strateji risk yaradan ölkə olduğunu bildirib. O, bu bəyanatı, ABŞ prezidenti Co Baydenin mart ayında yenilənmiş nüvə strategiyasını təsdiqləməsi barədə "The New York Times"ın (NYT) məlumatını şərh edərkən verib. Bu strategiyanın Çin nüvə arsenalının genişlənməsi fonunda qəbul edildiyi qeyd olunur.

Finss.az xəbər verir ki, Mao Ninq, Çinin nüvə arsenalının ABŞ-la müqayisədə daha kiçik olduğunu və ilk nüvə zərbəsinin vurulmaması siyasətini davam etdirdiyini vurğulayıb. O, ABŞ-ın son illərdə nüvə tərksilahı üzrə öhdəliklərindən yayınmaq üçün “Çin nüvə təhlükəsi nəzəriyyəsini” bəhanə gətirdiyini iddia edir.

NYT-nin məlumatına görə, ABŞ-ın yenilənmiş strategiyası, ölkəni Çin, Rusiya və Şimali Koreya ilə bağlı mümkün nüvə təhdidlərinə hazırlamaq məqsədi daşıyır. Stokholm Sülh Araşdırmaları İnstitutu bildirir ki, 2023-cü ildə nüvə silahına malik doqquz ölkə öz arsenallarını modernləşdirməyə davam edib.

Kaira Agayeva 

Finss.az