DÜNYA

19 Avqust

Türkiyə Parlamentinin spikeri yeni Konstitusiya layihəsinin müzakirəsinə başlandığını elan edib

"Mətninə müxtəlif illərdə ümumilikdə 19 dəfə dəyişiklik edilən Türkiyənin 1982-ci ildə qəbul edilmiş Konstitusiyasının hazırkı redaksiyası artıq ölkənin ehtiyaclarını ödəmir. Bununla əlaqədar olaraq, payız sessiyasının əvvəlindən (2024-cü ilin oktyabrında - red.) Respublikanın Əsas Qanununun yeni layihəsinin müzakirəsinə başlamağı planlaşdırırıq." 

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu ilə bağlı addımların yol xəritəsi müəyyən edilib.

“2025-ci ilə qədər davam edəcək müzakirələrdə müxtəlif siyasi partiyaların nümayəndələri, ictimaiyyət, ali məktəblərin, məhkəmə sisteminin, cəmiyyətin digər təbəqələrinin nümayəndələri iştirak edəcək. Biz bütün təşəbbüsləri təhlil edəcəyik. Daha sonra qanunvericilik müzakirələri keçiriləcək”, - deyə parlamentinin spikeri bildirib.

Kurtulmuş Türkiyənin hazırkı Konstitusiyasını “hərbi çevriliş iştirakçılarının imtina edilməli olan irsi” adlandırıb. “Mən tam inanıram ki, biz yeni Konstitusiyanı qəbul edə biləcəyik. Bu, 28-ci çağırış millət vəkillərinin əsas missiyalarından biridir və o, Türkiyənin daha da güclənməsinə kömək edəcək”, - deyə TBMM-nin sədri əlavə edib.

Kaira Agayeva 

Finss.az