DÜNYA

08 Avqust

Bu ölkənin məktəblərində sosial media və alış-veriş saytlarına qadağa qoyulur

Danimarkada bəzi məktəblər, xüsusilə lisey şagirdlərinin dərslərə daha çox diqqət yetirmələri üçün sosial media və alış-veriş saytlarına giriş qadağanını tətbiq ediblər. Yay tətilinin sona çatması ilə birlikdə, şagirdlər üçün ev tapşırıqları və uzun dərs günləri başlayır. Bu səbəbdən, bəzi orta məktəblər tələbələrin diqqətini dərslərinə yönəltmək məqsədilə onların sosial media və alış-veriş saytlarına girişini məhdudlaşdırıblar. Eyni zamanda, axın saytları və oyun saytları da bloklanıb.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarkanın Uşaq və Təhsil Nazirliyinin yeni tövsiyələri bir çox orta məktəbi internetin dağıdıcı təsiri ilə mübarizəyə sövq edib. Lakin Kopenhagendən olan üç orta məktəb şagirdi bu tədbirlərin tələbələr üçün çox da uyğun olmadığını düşünürlər. Onlar, bu qadağaların gündəlik həyatda dərhal fərq yaratmayacağını, çünki yeni qaydaları pozmağın asan olduğunu bildirirlər.

Kopenhagendəki Niels Brock Gymnasium-da isə artıq bir ildən çoxdur ki, müəyyən internet saytlarını bloklayan firewall sistemi mövcuddur. Bununla yanaşı, tələbələr dərs başlayanda mobil telefonlarını "mobil otel" adlanan yerlərə təhvil verirlər ki, bu da gənclərin sosial şəbəkələrə cəlb olunmasının qarşısını almaq məqsədi daşıyır. Lakin məktəblərin bütün bu səylərinə baxmayaraq, bu tədbirlər tam effektiv olmayıb və şagirdlər qadağan olunmuş saytlara daxil olmağın yollarını tapırlar.