DÜNYA

07 Avqust

Haniyə sui-qəsdində yeni iddia: "İsrail ABŞ-ı xəbərdar etdi"

İsrailin HƏMAS lideri İsmayıl Haniyənin qətlindən dərhal sonra sui-qəsdlə bağlı ABŞ-ı məlumatlandırdığı və məsuliyyəti öz üzərinə götürdüyü iddia edilib.

Finss.az “Washington Post” qəzetinin yaydığı xəbərə istinadən məlumat verir ki, tərəflər arasında İsrailin sui-qəsd əməliyyatları ilə bağlı "hadisə baş verməmişdən əvvəl" ABŞ-a məlumat ötürməməsi səbəbindən gərginlik yaşanıb.

Amerikanın “Washington Post” qəzeti iddia edib ki, İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra ABŞ-a sui-qəsdin arxasında dayandığını bildirib. Bu xəbər Ağ Evə yaxın mənbələrə əsaslanaraq yazılıb.

Bayden rəhbərliyinin Haniyənin öldürülməsinə qəzəbləndiyi bildirilib. İddialara görə, bu addımın Qəzzada atəşkəs üçün aylardır davam edən danışıqları alt-üst edə biləcəyi ilə bağlı narahatlıqlar var. Qəzet həmçinin bildirib ki, ABŞ rəsmiləri İsrailin Hizbullah və ya İran komandirlərinə qarşı sui-qəsd əməliyyatlarından əvvəl onlara məlumat vermədiyi üçün əsəbi olublar.

“Washington Post” qəzetinə danışan adı açıqlanmayan İsrail rəsmisi, baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında keçən həftə telefon danışığının “gərgin” olduğunu təsdiqləyib. HƏMAS lideri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub.

İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi bəyanatda Haniyənin Tehranda qaldığı iqamətgaha hücum edildiyini açıqlayıb. İran və HƏMAS Hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkinib.

Haniyə 2017-ci il mayın 6-da HƏMAS Şura Şurası tərəfindən Xalid Məşəli əvəz edərək HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib.