DÜNYA

07 Avqust

CFI qlobal şirkətinin icraçı direktoru: Aktiv bazarı və geniş potensialı olan Azərbaycan strateji əhəmiyyətə malikdir

Dünyanın aparıcı onlayn ticarət şirkəti olan CFI (Corporate Finance Institute) “AzFinance İnvestisiya Şirkəti” QSC vasitəsilə Azərbaycan bazarına daxil olacağını elan edib.

Finns.az AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin ərəb mediasında dərc olunmuş açıqlamasına görə, bu addım CFI-nin investisiya və ticarətin bütün aspektlərində dünyanın aparıcı brendi olmaq vizyonunun davamı kimi qiymətləndirilir. Belə ki, 25 ildən artıq təcrübəyə malik olan bu qlobal şirkət dünyasəviyyəli onlayn ticarət xidmətlərini Azərbaycana gətirməyə hazırlaşır.

Açıqlamada qeyd olunur: “Azərbaycan bazarı dinamikdir, ölkə strateji cəhətdən əlverişli mövqedə yerləşir, güclü iqtisadiyyata malikdir, habelə yerli və regional treyderlər üçün geniş imkanlar açır. CFI müstəsna ticarət xidmətləri təklif edərək Azərbaycanın iqtisadi inkişafına töhfə verməyi hədəfləyir.”

Tərəflər arasında rəsmi sənədləşmə işləri başa çatdıqdan sonra şirkət CFI Qrupunun bir hissəsi kimi rebrendinq edəcək və rəsmi təqdimatla Azərbaycanda treyderlər səhmlər, mallar və valyutalar da daxil olmaqla müxtəlif istiqamətlər üzrə fəaliyyətə başlayacaq. CFI 2024-cü ilin 4-cü rübündə rebrendinq və xidmətlərə başlamağı planlaşdırır.

CFI-nin həmtəsisçisi və baş icraçı direktoru Hişam Mansur deyib: “Biz CFI-nin Azərbaycanda fəaliyyət göstərəcəyinə çox sevinirik və bu yeni regiona müstəsna ticarət xidmətləri göstərmək istəyirik. Azərbaycan aktiv bazarına və geniş iqtisadi potensialına görə strateji əhəmiyyətə malikdir. Bu bazara daxil olmağımız CFI-nin böyüməyə sadiqliyini və daha geniş auditoriyaya üstün ticarət xidmətləri göstərmək missiyasını əks etdirir. Biz Azərbaycanda treyderlərlə güclü əlaqələri inkişaf etdirməyi və onların ticarət əməliyyatlarını ən yüksək standartlarla dəstəkləməyi səbirsizliklə gözləyirik.”

Açıqlamada qeyd olunub ki, CFI bu il Misir, Küveyt və Oman daxil olmaqla üç yeni bazara daxil olub.