DÜNYA

07 Avqust

Fələstin İsraillə danışıqlara hazırdır

Fələstin Prezidenti Mahmud Abbas rus mətbuatına verdiyi müsahibədə Fələstin dövlətinin sülh konfransı çərçivəsində İsraillə yekun statusla bağlı danışıqlara hazır olduğunu bəyan edib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, Mahmud Abbasın sözlərinə görə, Fələstin dövləti 6 ərəb dövləti tərəfindən təsdiqlənmiş və ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilmiş Yol Xəritəsi hazırlayıb. Bu yol xəritəsi, İsrailin Qəzza zolağında mövcudluğunu dayandırmaq məqsədi ilə hərtərəfli siyasi həllə əsaslanır.

Abbas əlavə edib ki, bu həll beynəlxalq sülh konfransı çərçivəsində müəyyən vaxt qrafikinə uyğun olaraq İsraillə yekun status danışıqlarına başlamağı və regional təhlükəsizlik mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur.

Fələstin Milli Administrasiyası bu həll çərçivəsində Qəzza zolağında funksiyalarını yerinə yetirməyə hazırdır və İsrailin İordan çayının qərb sahilində, o cümlədən Qüdsdə bütün birtərəfli düşmənçilik hərəkətlərinə son qoyulmasını tələb edir.