DÜNYA

06 Avqust

Antonio Quterreş nüvə silahı təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş nüvə silahlarının açıq-aşkar təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Finss.az xəbər verir ki, Antonio Quterreş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Xirosima və Naqasakiyə atom bombası atmasının 79-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Nüvə silahlarının və ondan istifadə təhlükəsinin təkcə tarix kitabları ilə məhdudlaşmadığını qeyd edən Antonio Quterreş bu silahların beynəlxalq münasibətlərin gündəmində bir daha öz yerini tutduğunu bildirib.

Antonio Quterreş nüvə silahlarının açıq-aşkar təhlükə yaratdığı barədə xəbərdarlıq edərək, onların istifadəsinin dəhşətli nəticələrə səbəb olacağını qeyd edib.

Bəzi ölkələrin xəbərdarlıqlara baxmayaraq nüvə silahından istifadə ilə təhdidlərini davam etdirdiyini qeyd edən Antonio Quterreş beynəlxalq ictimaiyyətin bu qəbuledilməz davranışı qınamasının vacibliyini vurğulayıb.

ABŞ 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqustda isə Naqasakiyə atdığı atom bombaları ilə 210 minə yaxın insanın ölümünə səbəb olub.