DÜNYA

06 Avqust

ABŞ öz qoşunlarını bu ölkədən çıxardı

Amerika Birləşmiş Ştatları (ABŞ) Nigerdəki son bazasından qoşunlarını çıxardı və hərbi bazanı yerli hakimiyyət orqanlarına təhvil verdi.
Finss.az xəbər verir ki,  ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Niger Müdafiə Nazirliyinin yaydığı birgə bəyanatda bildirilib ki, Pentaqon ölkədəki son hərbi bazası olan 201-ci Hərbi Hava Bazasını Niger ordusuna təhvil verib.

Bəyanatda bildirilib ki, iki ölkə arasındakı koordinasiya bazadakı şəxsi heyət və hərbi texnika çıxarılanadək davam edəcək.

“ABŞ və Niger silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq və əlaqə təhvil-təslim prosesinin vaxtından əvvəl başa çatdırılmasına şərait yaradıb”,-deyə bəyanatda vurğulanıb.

201-ci Hərbi Hava Bazasının anqarında keçirilən mərasimdə oxunan birgə bəyanatdan sonra bazanın təhvil verilməsi ilə bağlı sənədlər imzalanıb.

Niger martın 17-də ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və Amerika əsgərlərinin ölkəni tərk etmələrini tələb edib.

ABŞ qoşunlarının sentyabrın 15-dək Nigerdən çıxarılacağını açıqlamışdı.