DÜNYA

06 Avqust

Türkiyə Banqladeş hadisələrinə münasibət bildirdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Banqladeşdə baş verən son hadisələrlə bağlı bəyanat yayıb.

Finss.az bəyanatda yazılanlara istinadən, xəbər verir ki, “Türkiyə Banqladeşdə baş verənləri yaxından izləyir. Nümayişlər zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Ümid edirik ki, qurulacaq müvəqqəti hökumət ölkəni konstitusiyaya uyğun şəkildə seçkilərə aparacaq və bu səsvermə qardaş Banqladeşin demokratiyasına, sülh və sabitliyinə töhfə verəcək”.

Xatırladaq ki, Banqladeşin Baş naziri xanım Şeyx Hasina istefa verib və ölkəni tərk edib. “Reuters” agentliyi xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda 76 yaşlı xanım Hasinanın hərbi helikopterə minməsi görüntüləri var. Onun hara getdiyi məlum deyil.

Avqustun 5-də etirazçılar Banqladeş Baş nazirinin sarayına basqın ediblər. AFP xəbər verir ki, yüzlərlə insan onun rəsmi iqamətgahının qapılarını sındırıb.

Banqladeşdə iyul ayından bəri kütləvi etirazlar davam edir. Etirazçılar Şeyx Hasinanın partiyasına hakimiyyəti saxlamağa kömək edən hökumət işlərində kvota sisteminin əleyhinədirlər. Bu sistem 1971-ci ildə Banqladeşdə Müstəqillik müharibəsi iştirakçılarının ailələrindən olan insanlara, milli və dini azlıqların nümayəndələrinə üstünlük verir.

Banqladeşdə hökumət əleyhinə nümayişlərdə ən qanlı bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşmalarda ölənlərin ümumi sayı azı 300 nəfərə çatıb. Ölkədə internet məhdudlaşdırılıb, polis etirazları yatırmaq üçün rezin güllələrdən istifadə edib.

Onu da qeyd edək ki, Banqladeşdə iğtişaşçılar Şerpur rayon həbsxanasına soxularaq məhbusları azad ediblər. Bu barədə “Dhaka Tribune” nəşri məlumat yayıb. Bildirilib ki, yürüş zamanı etirazçılardan ibarət izdiham həbsxananın qapılarını sındıraraq yanğın törədib və 500-ə yaxın məhbus həbsxanadan qaça bilib.

İğtişaşçılar, həmçinin polis məntəqəsini yandırıb, bir sıra ticarət və hökumət binasına ziyan vurublar.