DÜNYA

05 Avqust

Baş Nazir Şeyx Hasina istefa verərək Banqladeşdən ayrılıb

Bazar ertəsi günü etirazçılar Banqladeşin baş nazirinin iqamətgahına daxil olublar. Bir gün əvvəl isə anti-hökumət etirazları zamanı baş verən toqquşmalarda 90-dan çox insan həyatını itirib.

Finss.az-ın Banqladeş mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Şeyx Hasina anti-hökumət etirazlarının gedişatında istefa verərək bacısı ilə birlikdə ölkəni tərk edib. Channel 24-ün məlumatına görə, Şeyx Hasina hərbi vertolyotla Banqabxabandan ayrılaraq Hindistanın Qərbi Benqaliyanın ərazisinə uçub. Məlumata görə, vertolyot Tripura ştatının mərkəzi olan Agartala şəhərinə enib.

Banqladeş ordusunun komandanı Vaker-Uz-Zaman, Şeyx Hasinanın ölkəni tərk etdiyini təsdiqləyərək, Banqladeşdə keçid hökumətinin yaradılacağını və tezliklə prezidentlə görüş keçiriləcəyini bildirib. O, tələbələri "müsbət dialoq" aparmağa çağırıb.

Əvvəlki məlumatlara görə, etirazçılar baş nazirin iqamətgahına daxil olub və baş nazirin "təhlükəsiz yerə" köçürüldüyü bildirilmişdi.

Dünən, bazar günü, Banqladeşin paytaxtı Dakkada baş verən toqquşmalarda ən azı 95 nəfər, o cümlədən 14 polis işçisi həlak olub, yüzlərlə insan yaralanıb.

Kütləvi etiraz aksiyaları ölkədə bir ay əvvəl tələbələrin dövlət vəzifələrində kvota sisteminin ləğvi tələbi ilə başladığı etirazlarla başlamışdı. Lakin polis və hökumət tərəfdarı fəallar ilə toqquşmalar zorakılığa çevrilərək çoxlu qurbanlara səbəb olub. Bu dövrdə ən azı 200 nəfər həyatını itirib və 11 000 nəfər həbs edilib.