DÜNYA

05 Avqust

Neuralink uğurla ikinci xəstəyə çip implantasiya etdi

Neuralink şirkətinin təsisçisi İlon Mask, şirkətin ikinci xəstəyə çip implantasiya etdiyini elan edib. Leks Fridman ilə podkastda danışan Mask, ikinci implantla bağlı "hər şey çox yaxşı keçdi" deyib. O, bu il ərzində Neuralink-in 10 xəstəyə çip implantasiya etməyi planlaşdırdığını da əlavə edib.

Fins.az xəbər verir ki, Mask əməliyyatın təfərrüatlarını açıqlamasa da, iyun ayında ikinci çipin implantasiyası planlaşdırılan xəstənin tibbi səbəblərdən əməliyyatdan imtina etdiyini və bu səbəbdən əməliyyatın təxirə salındığını qeyd edib.

Neuralink-in baş cərrahı Metyu Makduqal bildirib ki, şirkət iflic olan insanların əzalarının funksiyasını bərpa etmək üçün onurğa beyninə elektrodların implantasiyası üzərində işləyir. Bu, onurğa beyni zədələnmələrində "potensial yan keçid" kimi xidmət edə bilər. Makduqal əlavə edib ki, bu sahədə böyük irəliləyiş əldə edilib: anesteziya altında olan heyvanlar üzərində implant sınaqları keçirilmiş və onların ayaqları "yeriyirmiş" kimi hərəkət etdirilə bilmişdir. Lakin o, bunun hələ ilkin nəticələr olduğunu vurğulayıb.

Yanvar ayında Neuralink ilk neyroçipi implantasiya etdi. Bu çip elektron cihazları düşüncə gücü ilə idarə etməyə imkan verir. İlk xəstə, təxminən səkkiz il əvvəl bədbəxt hadisə nəticəsində çiyinlərindən aşağı iflic olan Nolan Arbo olub. Fevralın 20-də Mask bəyan edib ki, Arbo çip vasitəsilə kompüter ekranında kursoru idarə etməyi öyrənib.

Arbo may ayında Business Insider-a verdiyi müsahibədə, əməliyyatdan sonra həyatını necə dəyişdiyini danışıb. O, çipi istifadə edərək X (əvvəlki adı ilə Twitter) və digər sosial şəbəkələrdə mesajlar yazır, elektron poçtla məktublar göndərir, oyunlar oynayır, internetdə komikslər oxuyur və yapon dilini öyrənir. "Çip mənə dünyaya, dostlarıma və ailəmə yenidən bağlanmağa imkan verdi," deyə Arbo bildirib. "İmplant mənə hər səhər oyananda mənalı bir işlə məşğul olduğumu hiss etdirdi," deyə əlavə edib. O, həmçinin qeyd edib ki, çip implantasiyasından sonra həyatı "əhəmiyyətli dərəcədə yaxşılaşıb" və daha müstəqil olub.

May ayında Neuralink, ABŞ-ın Qida və Dərman Administrasiyasından (FDA) ikinci könüllüyə neyroçip implantasiyası üçün icazə aldı. Şirkət yaxın aylarda Kanadada və Böyük Britaniyada da oxşar sınaqlara başlamaq üçün tənzimləyici orqanlara müraciət etməyi planlaşdırır.