DÜNYA

18 İyul

Yeni hökumətin “boz kardinalı” – Pezeşkianın seçki kampaniyasının qəhrəmanı - ŞƏRH

İranda əsas məsələlərdən biri yeni hökumətin formalaşmasıdır. Yeni Nazirlər Kabineti rəsmi Tehranın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirməyə də imkan verər. Çünki İslahatçı Cəbhə Partiyasının nümayəndəsi, yeni seçilən Prezident Məsud Pezeşkian seçkiqabağı kampaniya zamanı bir sıra vədlər verib. Onlara əməl etmək üçün uyğun hökumət yaradılması vacibdir.

Fins.az xəbər verir ki, Məsud Pezeşkiandan əvvəlki islahatçı prezidentlər elə ciddi nəticələrə nail ola bilmədilər. İlk növbədə nüvə proqramı üzrə “altılıq” ölkələri ilə danışıqlar prosesi uğurlu davam etsə də, yekun nəticə əldə edilməyib. Düzdür, Həsən Ruhani kabinetinin xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi İranın nümayəndə heyətinin Qərblə nüvə proqramı üzrə danışıqların yekununda Əhatəli Razılaşma Planı imzalansa da, sonradan ABŞ-nin ovaxtkı Prezidenti Donald Tramp bu razılaşmadan ölkəsini geri çəkərək, İrana qarı yeni sanksiyalar tətbiq etmişdi. Bununla qazanılmış uğur puça çıxarıldı. Hətta, bundan sonra Həsən Ruhani və M. Zərifə qarşı siyasi hücumlar başladı. Mühafizəkar xətt nümayəndələri prezidenti “dövlətə xəyanətdə” belə ittiham ediblər. Cari ilin martında bunu əsas göstərərək onu Dini Ekspertlər Şurasına keçirilən seçkidə namizəd olaraq iştirak etməyə buraxmadılar.

Məsud Pezeşkian seçkiqabağı dövrdə islahatçı sələflərinin həyata keçirə bilmədikləri Qərblə dialoq aparmağa hazır olduqlarını vəd edib.

Ona görə əsas məsələlərdən biri də yeni seçilən prezidentin baş məsləhətçinin kimliyi məsələsi gündəlikdədir.

Pezeşkian vaxtı ilə səhiyyə naziri olsa da, dövlətin xarici siyasəti, iqtisadiyyat, neft, müdafiə və başqa bu kimi sahələrdə təcrübəsinin az olduğu istisna deyil. Hakimiyyət sınaqdan çıxmış, etibarlı saydığı islahatçı bir şəxsi, dövlət məmurunu Məhəmməd Cavad Zərifi himayəçi, müşavir, bəlkə də nəzarətçi olaraq təyin edib.