DÜNYA

17 İyul

AYİB-in pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsində: Qanuna riayət etsəydin, burada oturmazdın

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Fins.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə şahid qismində məhkəməyə çağırılan Elvin Nağıyev ifadə verib.

Şahid deyib ki, Ziya Hüseynzadənin yanında bir ildən çox maliyyə müdiri vəzifəsində işləyib:

"Həmin vaxt auditi Ziya müəllim özü həyata keçirirdi. Qalan bəzi işləri mən görürdüm. Bizi Auditorlar Palatası yoxlayırdı. Xidmət göstərdiyimiz şirkətlərin maliyyə hesabatlarına həmin şirkətlərin özü cavabdehlik daşıyırdı”.

O, Kənan Rəsulovun öz şirkətinə borc verdiyini xatırlamadığını bildirib. Həmçinin vurğulayıb ki, işlədiyi müddətdə kassaya nağd pul daxil olmayıb.

Hakim Ziya Hüseynzadəyə şirkətdə neçə işçinin çalışdığını və onların əmək müqaviləsinin olub-olmadığını soruşub və lazım gələrsə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndəriləcəyini bildirib. Müttəhim deyib ki, ən pik vaxtda şirkətdə 16 nəfər işləyib.

Şahid Elvin Nağıyev şirkətdə çalışdığı dövrdə isə orada altı nəfərin işlədiyini və hamısının da əmək müqaviləsinin olduğunu bildirib.

Hakim onların əməkdaşlıq etdiyi şirkətlərlə bağladığı müqavilələrin doğruluğunu təsdiqləyən sənədləri istəyib. Lakin şahid və müttəhim tələb edilən sənədlərin olmadığını deyib.

Hakim Azad Məcidov şirkətdə aparılan əməliyyatların sənədləşdirilməməsinə irad bildirib.

Kaira Agayeva 

Fins.az