DÜNYA

15 İyul

“Türkiyədə istehlak olunan enerjinin üçdə ikisi idxal olunur” - Bayraktar

Bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib

“Türkiyə enerji asılılığını minimuma endirməyi, ölkənin qaz paylama və enerji sistemlərini maksimum dərəcədə inkişaf etdirməyi planlaşdırır. Ölkədə istehlak olunan enerjinin üçdə iki hissəsi idxal olunur”. Bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir qeyd edib ki, 2002-ci ildə Türkiyənin yalnız beş əyalətində təbii qazdan istifadə imkanı mövcud idisə, bu gün 81 əyalətin hər birinə mavi yanacaq verilir. “Ölkəmizin 860 yaşayış məntəqəsi artıq qazlaşdırılıb”, - deyə A.Bayraktar diqqətə çatdırıb.

A.Bayraktar ölkədə qaz və neft hasilatının göstəricilərinə diqqət çəkərək onları inkişaf etməkdə olan Türkiyə bazarının ehtiyaclarını ödəmək üçün yetərsiz adlandıraraq deyib: “İlin sonuna neft hasilatının həcmini gündə 100 min barelə çatdırmağı planlaşdırırıq, halbuki daxili tələbat 1 milyon bareldir. Ona görə də yeni yataqlar, həmçinin Liviya, İraq, Somali, eləcə də Cənubi Qafqazla neft-qaz sahəsində alternativ əməkdaşlıq layihələri zəruridir”.

Energetika naziri, həmçinin Türkiyənin Qara dəniz sektorundakı perspektivli “Sakarya” qaz yatağından gözləntiləri bölüşüb.

“Bu yataq 2020-ci ildə kəşf edilib və respublikamızın tarixində ən böyük yataq hesab olunur. “Sakarya”nın ehtiyatları 710 milyard kubmetr həcmində qiymətləndirilir. Qara dənizdən qaz tədarükü bu gün 2,4 milyon abunəçinin ehtiyaclarını ödəməyə imkan verir. Gündə 5,5 milyon kubmetr qaz çıxarırıq və bu rəqəmi 10 milyon kubmetrə çatdırmaq niyyətindəyik”, - deyə nazir vurğulayıb.

A.Bayraktar habelə enerji səmərəliliyinin artırılmasının vacibliyini qeyd edərək bildirib: “2024-2030-cu illər arasında bu məqsədlər üçün 20 milyard dollar ayırmağı planlaşdırırıq. Dinc məqsədli atom sahəsində də ciddi şəkildə geridə qalırıq. “Akkuyu” AES-dən sonra Sinop və Trakyada atom elektrik stansiyalarını işə salmağı planlaşdırırıq. Türkiyədə elektrik enerjisi istehsalını 2050-ci ilə qədər 20 min meqavata çatdırmalıyıq”.