DÜNYA

03 İyul

BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması dayanıqlı inkişafda əsas hədəflərdəndir. Bu məqsədlə İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.

Kaira Agayeva 

Fins.az