DÜNYA

26 Dekabr

İndoneziyada nikel zavodunda baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb

İndoneziyanın Sulavesi adasındakı nikel zavodunun əritmə sobasında baş verən partlayış nəticəsində ölən işçilərin sayı 18-ə yüksəlib.

Fins.az xəbər verir ki, rəsmilər hadisə ilə bağlı istintaq tamamlanana qədər fabrikin fəaliyyətinin dayandırıldığını bildiriblər.

Səlahiyyətlilər həyatını itirən 18 işçidən 8-nin çinli olduğunu, 44 yaralı işçinin isə müalicəsinin davam etdiyini bildirib.

Sulavesi polis rəisi Agus Nugroho, ölümlərə obyektin sahibi olan PT IMIP şirkətinin səhlənkarlığının səbəb olub-olmadığını müəyyən etmək üçün bir qrup yaradıldığını bildirdi.

Çin Xarici İşlər Nazirliyi Sözçüsü Mao Ning dünən verdiyi mətbuat şərhində, ölənlərə görə başsağlığı verdi və İndoneziyadakı səlahiyyətlilərlə sıx əməkdaşlıq etdiklərini söylədi.

Dekabrın 24-də müəssisənin əritmə sobasında baş verən partlayışda ilkin məlumatlara görə, 13 işçi ölüb, 38 işçi yaralı, bəziləri ağır olmaqla xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə görə, əritmə sobasının altında partlayıcı mayelərin tapıldığı və sızmanın oksigen çənlərində partlayışa səbəb olduğu qeyd edilib.

Günel Məlikzadə
Fins.az